Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyevanın sədrlik edir.
Xədicə İsmayılova hakimdən vəkil Yalçın İmanovla görüşməyinə şərait yaradılmasını istədi. X.İsmayılova bildirdi ki, Ali Məhkəmədə Elman Türkoğlunun iddiası ilə keçirilən məhkəmədə Yalçın İmanov onun vəkilidir. Hakim isə bu məsələ ilə maraqlanacağını dedi.
Bundan sonra taksi sürücüsü Nurəddin Eyvazov ifadə verdi. N.Eyvazov dedi ki, taksi sürücüsü işləyib: “Xədicə İsmayılova təklif etdi ki, bizimlə işlə. Buna görə də radio ilə müqavilə bağladım. İşlədiyim müddətdə vergi ödəmişəm, VÖİN-im var”.
Şahid ifadəsində “London taksiləri” fəaliyyətə başlayandan sonra işləmədiyini dedi.
X.İsmayılova isə yenidən dostlarının, yaxınlarının, jurnalistlərin məhkəməyə buraxılmamasına etiraz etdi.
Prosesdə daha bir şahid - Ülkər Quliyeva ifadə verməli idi. Lakin şahid məhkəməyə gəlmədiyindən proses sabah saat 11-ə qədər təxirə salındı.
Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.
Qaynar.info