Dünya 19:40 19.08.2022

Xersona hücumun gizlinləri: Tərəflər nəyə hazırlaşır? - İvan Yakovina

Qaynarinfo NV-nin icmalçısı İvan Yakovinanın yazısını təqdim edir:

Əsas mövzu - Xersonda nə baş verir? Hücum niyə başlamır, ümumiyyətlə, hücum olacaq, ya yox? Əgər olacaqsa, kim hücum edəcək? Gəlin bunu anlamağa çalışaq.

Birincisi, niyə artıq bir aydır ki, hamı Ukraynanın hücumundan danışır? Bu, sizə qəribə gəlmirmi? Axı bu, hərbi əməliyyatdır. Heç kim heç nə bilməməlidir! Amma söhbətlər gedir, üstəlik bəzi təfərrüatlar ortaya çıxır – hücum əməliyyatı nə qədər davam edəcək, haradan olacaq, dəqiq tarixlər səslənir. 

Bu sirrin izahı olduqca sadədir: Ukrayna hakimiyyəti çoxdan bu əməliyyatın reallaşacağını açıqlamışdı, Zelenski, hətta Ukraynanın cənubunun işğaldan azad edilməsi haqqında fərman da imzalamışdı. Bütün bunlar yüksək səslə və açıq şəkildə edilir. Bunun anlamı nədir?

Məncə, dərhal Sun Tsının "Müharibə sənəti” traktatına baxmaq lazımdır. Orada deyilir: Hücum etmək istəyirsənsə, müdafiəyə hazır olduğunu söylə və əksinə. Burada nə nəzərdə tutulur? Ukrayna müdafiə olunacaq? Bəli və eyni zamanda xeyr. Məncə, hər şey bir qədər fərqlidir.

Ukrayna ordusu irəli gedəcək. İrəli getməlidir. Mütləq, çünki xalqını və torpaqlarını azad etməlidir. Amma Ukraynanın genişmiqyaslı hücuma keçməsi obyektiv səbəblərdən çətindir - düşmənin müdafiəsini yarıb keçmək üçün kifayət qədər artilleriya və hərbi texnika yoxdur. Düşməni bombalamaq və hücum edənləri havadan müdafiə etmək üçün böyük miqdarda təyyarə yoxdur.

Beləliklə, nə etməliyik, soruşursunuz. Mən hələ iyulun 25-də nə etmək lazım olduğuna dair öz versiyamı təklif etmişəm və bunu hibrid hücum adlandırmışam. Bu o deməkdir ki, Ukrayna hücuma keçəcək, amma baş-başa yox, hiyləgər şəkildə. Burda nə hiylə var? Nə nəzərdə tutulur? İndi izah edəcəyəm, amma bir az uzaqdan başlayacağam.

Ruslar Kiyevi, Çerniqovu, Sumı və İlanlı adasını niyə tərk etdilər? Cavab hər yerdə eynidir - onların logistikası pozulmuşdu. Onlar bütün bu bölgələrdəki qoşunlarını lazım olan hər şeylə təmin edə bilmirdilər. Amerikalı general Perşinq deyib: "Döyüşləri piyadalar, müharibəni logistika udur”. Rusiya qüvvələri yeməksiz qaldı, tanklar yanacaqsız dayandı, heç kim patron və mərmisiz atəş aça bilmədi. Əsgərlər texnika və avadanlıqlarını atıb yemək axtarmağa gedirdilər. Kiyev ətrafında yemək də nə qədər istəyirsən. 

Logistika hər bir ordu üçün ən vacib şeydir. Çünki maddi-texniki təchizat olmadan ordu döyüş qabiliyyətini itirir. Rusiya ordusu üçün bu həm də ən ağrılı yerdir, müxtəlif səbəblərdən çox zəif təşkil olunub. Onlarda hərc-mərclik baş alıb gedir, heç nə çatmır, silah-sursatın boşaldılmasında rus səgərləri qul kimi işlədilir, avtomobil texnikası xarab olur, onların sayında çatışmamazlıqlar var, anbarlarda hər şey oğurlanır, heç nə yoxdur, hər şey çox bərbad vəziyyətdədir. 
İstənilən ordu üçün, xüsusən də Rusiya ordusu üçün bu cür problemlər fəlakətdir. Logistik çöküş kontekstində Rusiya ordusu ilə nə baş verir?

Biz bunu Kiyev, Çerniqov, Sumi yaxınlığında və İlanlı adasında gördük. Ordu, texnika və hərbi avadanlığı ataraq gedir, geri çəkilir. Özü də heç bir atəş dəstəyi olmadan. 

Rusiya Silahlı Qüvvələrinin Kiyevdən, Ukraynanın güclü hücumu, tank və ya artilleriya zərbələri səbəbindən geri çəkildiyini deyə bilərikmi? Düzünü desəm, yox. İlanlı adasında isə bəlkə də qismən belədir. Amma əsas məsələ başqadır. Ruslar artıq öz qüvvələrini təmin edə bilməyəcəklərini anlayanda oranı tərk etdilər. Beləliklə, Ukrayna artıq eyni hibrid hücumun köməyi ilə əvvəllər işğal olunmuş ərazilərini geri qaytara bilib - Rusiya ordusunun maddi-texniki bazasına uğurlu zərbələr onlara başqa seçim qoymayıb. Ruslar geri çəkilməyə məcbur oldu. Yeməksiz, yanacaqsız, susuz qalan böyük hərbi qruplaşmalar əraziləri tərk etdilər. 
Eyni zamanda, Ukraynanın təəssüf ki, o zaman düşmənin geri çəkilməsinə mane olmaq, onu yaxalayıb məhv etmək, əsir götürmək üçün nə kifayət qədər qüvvəsi, nə də öz maddi-texniki imkanları (bəli, Ukraynanın da bu sahədə problemləri var) var idi. Müəyyən miqdarda atılmış texnika ələ keçirildi, necə deyərlər, buna da şükür.

İndi hər şey tamamilə fərqli ola bilər, bu barədə bir az sonra danışacağam. Ancaq əvvəlcə gəlin müəyyən edək ki, Kiyev yaxınlığında rus qoşunları niyə təchizatsız qaldılar? Orada nə baş verdi?

Rusiya hərbi logistikası dəmir yollara çox sıx bağlıdır. Ordu, lazım olan hər şeyin relslər boyunca getdiyi dəmir yolu qovşağından cəmi yüz kilometr məsafədə döyüşə bilir. Oradan da sıradan çıxmış texnika, yaralı əsgərlər götürülür. Belə şərait olmadıqda problemlər başlayır. Ordu, avtomobil nəqliyyatı ilə lazım olanların çatdırılmasına uyğunlaşdırılmayıb. Dəmir yolu yoxdursa, yük maşınları (onların sayı azdır, xarab olur) tapşırıqların öhdəsindən gələ bilmir.

Kiyev, Çerniqov, Sumı yaxınlığındakı dəmir yolu qovşaqlarının ələ keçirilməsi cəhdləri uğursuz oldu. Beləliklə, logistika pozuldu. Ukraynanın şimalında 40-50 km uzanan rus hərbi texnikası kolonlarını xatırlayırsınız? Bu, hazırda haqqında danışdığım logistika ilə bağlı problemlər baxımından göstəricidir.

Kiyev yaxınlığındakı məğlubiyyətdən sonra Rusiya Federasiyası qoşunlarını dəmiryollarının çox olduğu yerə - Xarkov vilayətinə və Donbasa köçürdü. Ukraynanın xəritəsinə baxın - Donbass dəmir yollarının "məskənidir”. Orada RF Silahlı Qüvvələrinin hərəkətləri üçün tamamilə ideal şərait var. Çox saylı giriş yolları, stansiyalar, fabrik və anbarlar var ki, orada döyüş sursatını saxlamaq, boşaltmaq və yükləmək olar. Axı bura sənaye rayonudur. Bundan əlavə, çoxlu şəhərlər, qəsəbələr var. Dərə-təpələr, döyüş sursatı gizlədə biləcəyi çox saylı sığınacaqlar var.

Bəli, onlar dağıdılır, HİMARS, artilleriya tərəfindən məhv edilir, amma hələ də onların sayı çoxdur. Ona görə də rus ordusunun orada müəyyən uğurları var. Yenə də Donbass Rusiyanın hücumu üçün mükəmməl yerdir. Bundan yaxşısı ola bilməzdi. Sanki dəmir yollarının yüksək sıxlığı ilə məşhur olan Almaniyadakı Reyn bölgəsidir. 

İndi isə Xerson bölgəsinə baxın. Orada dəmir yolları heç elektrikləşdirilməyib. Yalnız lokomotivlər işləyir. İşğal olunmuş ərazilər Dnepr çayının sol sahili ilə cəmi bir yarım dəmir yolu xətti ilə bağlıdır: biri tam hüquqlu ikitərəfli, ikincisi isə bir yolludur – Krıma aparır. Sadəcə bu qədər! Üstəlik, bu xətlərin hər ikisi Dnepr körpülərindən keçir və eyni HİMARS və ya uzaq mənzilli artilleriyanın köməyi ilə asanlıqla dağıdıla bilər. 

Bu nə deməkdir?

Bu o deməkdir ki, Ukrayna nisbətən asanlıqla sağ sahildəki qruplaşmanı normal logistikadan məhrum edə, körpüləri və bərə keçidlərini dağıtdığı təqdirdə isə Rusiyanın sağ sahil qruplaşmasını ümumiyytlə, təchizatsız saxlaya bilər. 

Beləliklə, Ukrayna Xerson vilayətində ruslar üçün Kiyev vilayətini - bu ilin mart hadisələrini təkrarlaya bilər. Yeganə fərq ondadır ki, geri çəkilmə zamanı oradan Belarusa qaçmaq nisbətən asan idi - bir çox rus əsgəri piyada, bəziləri isə oğurlanmış maşınlarda qaşmışdılar. Ancaq Xerson bölgəsində Dneprin aşağı axarında piyada getmək mümkün olmayacaq. İnsanlar suyun üstündə gəzə bilmirlər. Körpülər dağıdıldıqda, sağ sahildəki qruplaşma əsas qüvvələrdən bütünlüklə kəsiləcək.

Bəs biz bununla nə əldə edirik?

Xerson vilayəti, daha doğrusu, onun sağ sahili hazırda Rusiya üçün ən əlverişsiz, Ukrayna üçün isə ən əlverişli döyüş meydanıdır. Yəni Ukrayna üçün yüksək uğur şansı ilə döyüşmək üçün yer varsa, bu da, sadəcə olaraq Xerson vilayətinin sağ sahilidir.

Ukrayna üçün əsas döyüşlərin, Rusiya Federasiyasının normal dəmir yolunun olmadığı, rusların maddi-texniki təminatının çox pis olduğu, böyük qoşun qrupları və texnikası gizlətməyə yerlərinin və çox saylı yaşayış məntəqələrinin olmadığı, relyefin süfrə kimi düz olduğu yerlərdə getməsi daha sərfəlidir. 

Donbasda isə ruslar üçün bütün lazım olanlar var. Üstəlik, orada 8 il ərzində hər şey Ukraynaya qarşı yeni müharibəyə hazırlanırdı.

Xerson vilayətində xəstəxanalar, hərbi bazalar (Çernobayevka istisna) yoxdur. Yerli əhali demək olar ki, istisnasız olaraq Rusiya Federasiyasına qarşı sərt mövqe tuturlar və ən xoşagəlməz odur ki, Dneprin sağ sahilindən geri çəkilmək üçün heç bir yer yoxdur. Ümumiyyətlə, ruslar üçün hər şey mümkün qədər əlverişsizdir. Ukrayna, diqqəti və döyüşləri ora yönətməklə böyük üstünlük əldə edib. 

Bu şəraitdə (yəni orada döyüşmək əlverişsizdir) rus komandanlığı orada yalnız müdafiə üçün lazım olan minimum kontingenti saxlayırdı. Rusiya, uğurlu hücuma və Ukrayna ordusunun məhvinə əsas ümidlərini, hər şeyin rahat, başa düşülən və işlək olduğu Donbasa bağlayırdı. Dərsliklərdə olduğu kimi. Rusiya Federasiyasının komandanlığı istəyirdi ki, məhz orada hər şey həll olunsun və necə deyərlər, hazıra nazir olsun. 

Ukraynanın isə vəzifəsi tam əksinədir - Xerson vilayətini əsas döyüş meydanına çevirmək.

Bu, Kiyev baxımından ideal olaraq necə görünməlidir? Rusiya texnika və hərbi avadanlıqla birlikdə Xerson vilayətinin sağ sahilinə mümkün qədər çox qüvvə göndərir. Bu qüvvələrin arxasında qapı bağlanır (yəni körpülər dağıdılır) və onlar təchizatsız qalırlar.

Və bir müddət sonra Kiyev yaxınlığında və İlanlı adasında baş verənlər eyniliklə təkrarlanır - yanacaqsız, sursatsız, yeməksiz qalan qüvvə atəş altında texnikalarını atır, bir qismi qaçır, digər qismi isə təslim olur.

Burada Dnepr olduğu üçün qaçanlardan çox əsirlər olacaq. Uğurlu bir ssenari ilə, Xersonun azad edilməsi üçün Mariupol və ya Severodonetsk üslubunda dəhşətli qanlı döyüşlərə ehtiyac olmayacaq. Belə olan halda HİMARS və artilleriya tərəfindən yalnız körpülər və rus ordusunun bəzi xüsusilə qiymətli obyektləri zədələnəcək. 

Təbii ki, Ukrayna bu yolla mümkün qədər böyük rus kontingentinin məhv edilməsində maraqlıdır. İdealda, təbii ki, müharibədə qalib gəlmək üçün bütün rus ordusunu Xersona toplamaq, onu təchizatsız, yanacaqsız, mərmisiz qoyub, sonra onu əsir götürmək lazımdır. Amma bu, təbii ki, real variant deyil. Ancaq nə qədər çox olsa, bir o qədər yaxşıdır. Mənə elə gəlir ki, məhz ona görə Ukrayna komandanlığı bir aydan artıqdır ki, rusları qızışdıraraq "Ah, indi biz Xersonu azad edəcəyik, ah, ruslar onu necə itirəcək və onlar üçün necə dəhşətli məğlubiyyət olacaq” deyirlər.

Zelenski fərmanı imzalayır, Reznikov əmr verir, bütün ekspertlər və həvəskar psevdoekspertlər (mənim kimi) yekdilliklə deyirlər: "Budur, indi başlayacaq, hətta artıq başlayıb!”

Ukrayna Silahlı Qüvvələri İnqulets çayının sol sahilindəki plasdarmı ələ keçirib. Və burada rus komandanlığının əsəbləri pozulur, o, həqiqətən də Ukraynanın Xersona hücumundan qorxmağa başlayır. Moskva oraya, cənuba insanları, texnikanı və avadanlığı köçürməyə başlayır.

Üstəlik, onları Xarkov yaxınlığından gətirirlər, İzyumdan, hətta Donbassdan da çıxarırlar. Qoşunların hərəkətini izləyənlər deyirlər ki, Hava Desant Qüvvələri tam tərkibdə artıq oradadır. İyunun sonunda Xerson bölgəsinin sağ sahilində Rusiyanın 13 tabor səviyyəli taktiki qrupu (hər TTQ-də təxminən 600-700 nəfər) var idi. İndi isə yalnız sağ sahildə 22, Dnepr çayının sol sahilində 27, Zaporojyenin cənubunda isə daha 17 TTQ var. Cəmi - 66 TTQ.

Mənim anladığım qədər, məhz bunun üçün Ukrayna komandanlığı artıq bir aydır ki, Xersona qarşı hücum həyata keçirəcəyini vəd edir. Kiyev rusları Donbasdan çıxarıb cənuba, Xerson bölgəsinə çəkmək istəyir. Və deməliyəm ki, qismən buna nail olub. Düzdür, bütün rus ordusu ora cəmlənməyib, amma hər halda əvvəl olduğundan daha çoxdur. Yəni, ruslar sağ sahili ikiqat gücləndiriblər, Zaporojyenin cənubu bir qədər zəifləyib, amma ən əsası, dərhal 27 TTQ-ni ortaya, Novokaxovka su anbarının cənubuna çəkiblər. Bu "yanğınsöndürmə” komandasıdır. Lazım gəldikdə  Zaporojyeyə getməyə hazırdır və ya Xersonu müdafiə etmək üçün istifadə oluna bilər. 

Onların hamısı Ukrayna tələsinə düşməkdən qorxduqları üçün hələ sağ sahilə göndərilməyiblər. Rusiya Federasiyasının Baş Qərargahında axmaqlar oturmayıb, onlar da hər şeyi mükəmməl görür və başa düşürlər. Amma onların hərbi yox, siyasi vəzifəsi var - nəyin bahasına olursa olsun Xersonu saxlamaq. Dünyanın istənilən ölkəsinin ordusu belə şeyə nifrət edir. Burada isə əminəm ki, ordu, onlara siyasi tapşırıq verilməsindən çox narazıdır, amma edəcəkləri bir şey yoxdur. Tapşırıq icra edilməlidir. Sağ sahilə qoşun əlavə ediblər, amma çox yox, sağ sahildə təchizat imkanını itirməmək üçün.

İndi körpülər zədələnib və bütün təchizat bərələrdən keçir. Bu, çox zəif logistikadır. Ona görə də körpüləri təmir etməyə, ora reflektor qoymağa çalışırlar. Bu da kömək etmir.

Beləliklə, bərə ilə yalnız məhdud sayda qüvvəni təmin edilə bilər. Bir şərtlə ki, bərələrə hücum olmasın. Bu baş verən kimi logistika tamamilə dayanacaq.
Təbii ki, Ukrayna komandanlığının planının nə olduğunu bilmirəm, ancaq təxmin edə bilərəm. Onlar böyük ehtimalla nə qədər rusiyalının sağ sahilə  köçürüləcəyini izləyirlər. Baxırlar və görürlər ki, 20 TTQ artıq oradadır. Daha olmayacaq? Xeyr. Və bu anda ukraynalılar körpüyə zərbə endirirlər.  Ruslar qorxur və hər ehtimala qarşı sağ sahilə daha bir neçə TTQ göndərirlər. Ukraynalılar yenidən körpünü vururlar. Ruslar isə ora əlavə qüvvə göndərməmək qərarına gəlirlər. Onlar başa düşürlər ki, daha çox qüvvə göndərmək real olmayacaq və bu qüvvələrin orada kəsilərək qalması riski çox yüksəkdir. Bundan əlavə, 22 TTQ əhəmiyyətli bir qüvvədir, ukraynalılar sadəcə onları əzə və məhv edə bilməzlər. Bu uzun və çətin mübarizədir.

Ancaq Ukraynanın məqsədi uzun və gərgin döyüşə girmək deyil, düşməni öz texnikasını ataraq Xersondan qaçmağa məcbur etməkdir. Ona görə də düşünürəm ki, Ukrayna qərargahı baxıb deyəcək: "başqa heç kim olmayacaq? Xeyr? Yaxşı, onda "betonlayın” oraları, yəni keçidləri məhv edin. Biz bu 22 TTQ ilə məşğul olacağıq”.

Avqustun 8-nə keçən gecə körpülərə növbəti zərbə endirildi, onları, Antonov avtomobil körpüsündə tikinti texnikasını partladaraq sıradan çıxardılar.
Bundan sonra, nəzəri olaraq, bərə keçidləri Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevrilməlidir. Yəqin ki, bəzi dronlardan istifadə olunacaq, ancaq aviasiya ilə bağlı variantlar da var.

Burada bir balaca mövzudan kənarlaşırıq. Ruslar Ukrayna Silahlı Qüvvələrinin AGM-88 HARM tipli passiv təyinatlı döyüş başlığına malik ABŞ-ın anti-radar raketlərindən istifadə etdiyini bildirir. Bu cür şeylər aktiv radarı olan hava hücumundan müdafiə sistemlərini (Bukov, Tor, S-300/400), həmçinin aktiv radarı olan müxtəlif növ radar qurğularını məhv etmək üçün istifadə olunur. Yəni, bu radar şüa buraxır və bu şüalara raket uçur və radara zərbə vurur.

AGM-88 HARM-ın meydana çıxması xəbərləri ilə eyni vaxtda məhv edilmiş Rusiya hava hücumundan müdafiə sistemləri ilə bağlı statistik rəqəmlər yüksəlib - avqustun ilk həftəsində 14 ədəd. Bütün iyul üçün bu rəqəm cəmi 12 olub, yəni irəliləyiş var və bu çox əhəmiyyətli irəliləyişdir. Ümumiyyətlə, Rusiya, belə bir sürətlə tezliklə hava hücumundan müdafiə sistemlərsiz qalsa təəccüblənmərəm, halbuki, Rusiya müharibənin lap əvvəlində Ukraynanı HHM-siz qoyması vədini vermişdir. Düzünü desək, Rusiya Federasiyasının bu HARM-lara qarşı mübarizə aparmaq imkanı yoxdur.

Ümumiyyətlə, Rusiyanın hava hücumundan müdafiəsi çox çətin vəziyyətdə qalıb - ya ümumiyyətlə işləməmək, ya da böyük itkilər vermək.
Nəsə mövzudan yayındım. 

Xerson və hücum haqqında. Bəs, Ukrayna ordusu sürətli tank zərbələri ilə düşmənin müdafiəsini yaracaqmı? Məncə yox. Daha doğrusu, bu, Kiyev yaxınlığındakı kimi olacaq. Yəni ordunun qaçışı olacaq, Ukrayna ordusunun məqsədi buna şərait yaratmaq və bu qaçış başlayanda mümkün qədər çox qənimət və əsir götürmək olacaq.

Bu nə vaxt başlayacaq? Artıq ruslar teleqram kanallarında Xersondakı qoşunlarının çox zəif təchizatından şikayətlənirlər. Körpülərin və bərə keçidlərinin dağıdılmasından sonra təchizat pozulub. Nəzərə alaq ki, Kiyev yaxınlığında onlar logistikasız iki həftə dözə biliblər. 

Düşünürəm ki, iki həftəni bərə keçidlərinə endirilən zərbələr anından saymaq lazımdır. Təbii ki, mən təxmini tarixlərdən danışıram, çünki rusların Xersonda özləri üçün hansı ehtiyatlar yarada bildikləri, həmçinin orada nə qədərinin məhv olduğu barədə heç bir məlumatım yoxdur.
Ancaq bu, hələ son deyil.

Başa düşmək lazımdır ki, rus komandanlığı da boş oturmur və baş verənləri izləyir. Onlar müqavimət göstərəcəklər. Necə? Düşünürəm ki, onlar təşəbbüsü ələ keçirməyə və başqa yerlərdə Ukraynanın mövqelərinə hücuma keçməyə cəhd edəcəkləri ehtimalı yüksəkdir. Hansı yerdə? Düzünü desəm, bilmirəm, amma Zaporojye məntiqli görünür.

Orada körpülər var, keçidlər var, qatarların Donbasa, Krıma, Dneprə, Xarkova, Xersona və Nikolayevə getdiyi nəhəng dəmir yolu qovşağı var. Belə bir əməliyyat Xerson qruplaşmasının bütün problemlərini bir anda həll edərdi. Bundan əlavə, Zaporojyenin cənubunda ümumilikdə 44 TTQ cəmləşib - bu, böyük bir qüvvədir.
Ancaq rusların bir problemi var - "böyük qüvvə" "kifayət qədər qüvvə" demək deyil. Zaporojye kimi böyük bir şəhəri ələ keçirmək üçün daha çox qüvvə lazımdır, mövcud olan 44 TTQ-dən 5-10 dəfə çox qüvvə.

Ancaq yenə də hücuma keçməyə cəhd edə bilərlər, çünki Zaporojyenin işğalı, əlbəttə ki, Rusiya Federasiyası üçün böyük uğur olardı. Üstəlik, onlar məmnuniyyətlə Zaporojyeni Xersonla dəyişərdilər.

Yeri gəlmişkən, bəlkə də onlar həqiqətən də bunu edəcəklər: nə vaxtsa onlar bütün mövcud qüvvələri Zaporojyeni ələ keçirilməsi üçün istifadə edib Xersonu tərk edəcəklər. Mən rus generalı olsaydım, yəqin ki, bunu edərdim. İndi düşünürəm ki, bu maraqlı versiya ola bilər.

Üstəlik, avqustun 8-də məlum olub ki, Zaporojyenin işğalçı hakimiyyəti ilhaqla bağlı saxta referendumun keçirilməsinə hazırlığa başladığını elan edib.
Ümumiyyətlə, indi orada baş verənlərə diqqətin artırılması lazımdır. Putindən hər şeyi gözləmək olar - Xersonu Zaporojye ilə dəyişdirmək cəhdi də daxil olmaqla.
Bununla belə, Ukrayna Silahlı Qüvvələri boş yerə çörək yemirlər. Avqustun 8-nə keçən gecə HİMARS rus qoşunlarının Zaporojye vilayətində bir neçə yerini darmadağın edib. Melitopoldan bildiriblər ki, orada rus əsgərlərinin cəsədlərindən "dağ” yaranıb. Bu o qədər də təəccüblü deyil, çünki indi onların çoxu ora aparılır və hamını gizlətmək üçün o qədər də çox yer yoxdur. Ona görə də itkilərin sayı çox yüksəkdir.

Üstəlik, Ukraynanın vətənpərvər yerli vətəndaşları Ukrayna Silahlı Qüvvələrinə rus əsgərlərinin gecələdikləri və hərbi texnikalarını gizlətdikləri yerlər barədə çox məmnuniyyətlə nəlumat verirlər. 

Burada hərdən bəzi hərbi sirləri verdiyimi yazanlara da əvvəlcədən cavab vermək istəyirəm.

Birincisi, bir çox Qərb ekspertləri artıq oxşar şeylər yazıblar.

İkincisi, mən sirləri aça bilmərəm, çünki onları sadəcə bilmirəm. Mənim hərbi sirlərə, hətta ən kiçik sirlərə belə çıxışım yoxdur.

Üçüncüsü, tutaq ki, ruslar yalnız mənim videomdan başa düşürlər ki, Ukrayna onlara sağ sahildə tələ hazırlayıb. Onlar nə edəcəklər? Oranı tərk edəcəklər? Onlar qaçacaqlar? Bizə də helə bu lazımdır! Planın mahiyyəti budur! Yoxsa geri çəkilməyəcəklər, yeni qüvvələr əlavə edəcəklər? Bu, ümumiyyətlə, möhtəşəmdir - daha çox qənimət olacaq! Yoxsa hər şeyi olduğu kimi buraxacaqlar? Heç bir problem yoxdur. Baxın, Rusiyanın burada yaxşı çıxış yolu yoxdur - bütün varinatlar pisdir. Ukrayna bunu bacardı - Rusiya Federasiyasının istənilən hərəkəti və ya hərəkətsizliyi Moskvanın mövqeyini pisləşdirir. Mən burada sadəcə reallığı əks etdirirəm.
Və ən əsası odur ki, ruslar nə baş verdiyini yaxşı bilirlər, onların hərəkətlərindən də görünür - onlar qüvvə göndərirlər, amma hamısını yox. Ona görə də qorxmayın, mən burada heç bir sirr açmıram.

Yaxşı, gəlin əvvələ qayıdaq. Mən "hücum nə vaxt olacaq, ümumiyyətlə olacaqmı? Əgər olacaqsa, kim hücum edəcək? suallarını vermişdim. Ukraynanın hibrid hücumu artıq başlayıb. Bu, Rusiya Silahlı Qüvvələrini bu və ya digər şəkildə son altı ayda Rusiya Federasiyasının ələ keçirdiyi yeganə regional mərkəz olan Xersonu tərk etməyə məcbur edir.

Eyni zamanda, bu material üzərində işləyərkən anladım ki, ruslar çox güman Zaporojyeyə hücum təşkil etməyə cəhd edəcəklər. Bu, nə qədər təhlükəlidir? Təhlükəlidir, amma o qədər də yox. Əgər mən bunu evdə çay içərək kompüter arxasında oturub əvvəlcədən təxmin etmişəmsə, onda bunun üçün maaş alan generallar və zabitlər bunu çoxdan təxmin ediblər və müvafiq tədbirlər görüblər. 

Mən özümü bu sahədə ən ağıllı adam hesab etmirəm - bu dəqiqdir.

Hər halda, yaxın üç-dörd həftə ərzində düşünürəm ki, orada, cənubda bizi çox maraqlı hadisələr gözləyir. Cənubda olması isə çox yaxşıdır, çünki Ukrayna ordusu üçün orada döyüşmək rusların müəyyən üstünlüklərə malik olduğu Donbasdan qat-qat asan və rahatdır.
 
Mənbə: NV 

Hazırladı: Nizami Bağırov