Yayın istisində çimərliklərə üz tutan insanlar tez-tez Xəzərin suyunun çirkli olmasından şikayətlənir. Kimi suda yosunların çoxluğundan, kimisi də suyun lilli olmasından gileylənir.
Qaynarinfo.Az mövzunun aktuallığını nəzərə alaraq bununla bağlı müvafiq qurumlara və ekspertlərə müraciət edib.
"Xəzərin suyu niyə çirklidir" sualını ünvanladığımız Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov bildirdi ki, avqustun 1-nə olan məlumata görə, Abşeron yarımadasında olan çimərliklərdə vəziyyət normaldır: "Yalnız Qaradağ rayonu ərazisindəki Sahil çimərliyi və Səbail rayonundakı Şıx çimərliyindən götürülmüş dəniz suyunun nümunələrindən başqa qalan bütün nümunələr norma daxilindədir, standartlara cavab verir. Bu iki ərazidə isə ilkin nəticələr üst-üstə düşür. Yəni heç bir fərq yoxdur. Bağırsaq çöpləri ilə çirklənmə var".
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, sahil zonalarda quraşdırılan 5 təmizləyici qurğu vasitəsilə çirkab sular təmizlənir: "Planda 11 çirkab təmizləyici qurğunun tikintisi və yenidən qurulması öz əksini tapıb. Artıq Lökbatan qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 200 min kubmetr olan müasir tipli bioloji çirkab təmizləyici qurğu tikilir. Qurğunun tikintisi başa çatdıqdan sonra Xocasən, Masazır, Xırdalan, Lökbatan, Şıxov və Bayılın bir hissəsinin çirkab suları orada təmizlənərək Xəzər dənizinə axıdılacaq. Bundan başqa, Pirşağı, Ələt və Səngəçalda da yeni qurğular tikiləcək, həmçinin Sumqayıtdakı qurğunun məhsuldarlığı artırılacaq, Sahil qəsəbəsində mövcud qurğu tamamilə yenidən qurulacaq".
Qurumdan verilən açıqlamada qeyd edilir ki, Bakı şəhəri və Abşeron yarımadasının 2035-ci il prespektiv inkişafı nəzərə alınmaqla "Master plan"ı hazırlanıb və həmin plana uyğun işlərə başlanılıb: "Bakıda və Abşeron yarımadasında sutkalıq məhsuldarlığı 1 milyon 4 min kubmetr olan 11 su təmizləyici qurğunun tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Hövsanda tikiləcək bioloji təmizləyici qurğuların məhsuldarlığı sutkada 640 min, Sahil bioloji təmizləyici qurğularının isə məhsuldarlığı sutkada 17,5 min kubmetr olacaq".
"Davamlı İnkişaf Cəmiyyəti"nin sədri, ekologiya üzrə ekspert Fikrət Cəfərov isə Qaynarinfo.Az-a dedi ki, suyun gözlə baxanda çirkli görünməsi hələ onun təhlükəli olması anlamına gəlmir: "Bunun üçün laboratorial müayinələr aparılmalıdır, suda bağırsaq çöplərinin, mikrobların olub-olmaması yoxlanılmalıdır".
Fikrət Cəfərov bildirdi ki, suda yosunların çox olması yaxşı hal deyil: "Buna elmi dildə "suyun güllənməsi" deyilir. Amma mən Xəzərdə belə hala rast gəlməmişəm".
Qızılgül Abdinova
Qaynarinfo.Az