"Xovayevin səfəri barışdırıcı missiya daşımır. Onun Bakı ilə İrəvan səfəri qızışdırıcı məqsəd daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfərini şərh edərkən deyib. Onun fikrincə, Xovayevin gəlişi tərəflərə təzyiq məqsədi daşıyır:
"Rusiya çalışır ki, Cənubi Qafqazda öz təsirini qoruyub saxlasın. Bunun üçün Rusiyanın əlindəki yeganə vasitə münaqişənin davam etdirilməsidir. Ona görə də Rusiya XİN-in rəsmiləri Ermənistana gedəndə güzəştə getməməyi, Azərbaycana gələndə isə İrəvana təzyiqi artırmağı tövsiyyə edir. Elə etməyə çalışırlar ki, rus qoşunları bütün hallarda Qarabağda qalmaqda davam etsin. Yəni, Xovayevin gəlişi tərəflərə təzyiq məqsədi daşıyır.
Moskvanın regionla bağlı bir məqsədi var - münaqişə davam etsin, Azərbaycan və erməni xalqları düşmən olsun, bir-birinə nifrət etsinlər, barışıq olmasın. Belə vəziyyətin olması Rusiyanın bölgədə qalması üçün başlıca amildir. Kreml bölgəmizdə 200 ildən artıqdır ki, buradakı xalqları bir-birinə düşmən etmək siyasəti həyata keçirir”.
Qeyd edək ki, Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev dünən Bakıya səfər edib Bundan öncə isə o, İrəvanda səfərdə olub.
Rüfət Sultan