Lənkəranda saxta və uydurma ittihamlarla şərlənərək saxlanmış, barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Yadigar Sadıqovun (Müsavat başqanın müşaviri, "minval.az" saytının köşə yazarı) vəkili Nemət Kərimli bu gün müvəkkili ilə görüşüb. Bu barədə mediaya Yadigar Sadıqovun partiyadaşı və dostu Elman Fəttah məlumat verib.
Onun sözlərinə görə, N.Kərimli cəbər verib ki, Yadigar Sadıqov özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur.
Vəkil bildirib ki, bu gün Y.Sadıqovu 8 nəfərlik kameraya köçürüblər və o, ailəsi ilə telefon əlaqəsi saxlaya bilir.
Bundan başqa, xəbər verilir ki, Müsavat partiyası Masallı rayon təşkilatının bir qrup üzvü Yadigar Sadıqovun ailəsini ziyarət edib. Müsavatın Masallı təşkilatının sədri Xasay Səfəroğlunun verdiyi məlumata görə, ziyarət partiya üzvlərinin istəyi ilə gerçəkləşdirilib. Məqsəd Yadigar bəyin ailəsinə mənəvi dəstək olmaq, problemləri ilə maraqlanmaq olub.
Xatırladaq ki, sosial şəbəkə fəalı olan və siyasi arenada yaxşı tanınan Y.Sadıqov Lənkəranda bir nəfərə fiziki xəsarət yetirməkdə ittiham olunur. Hadisənin şahidləri isə həmin şəxsin Y.Sadıqovu təxribata çəkdiyini, buna müvəffəq olmadığını, ancaq həmin şəxsin sonradan özünü hardasa döydürüb şəkillər çəkdirərək hakimiyyətyönlü mediada yaydırdığını bildirirlər./musavat.com/