
İyunun 28-də Müsavat başqanın müşaviri Yadigar Sadıqovun işi üzrə Lənkəran Şəhər Məhkəməsində proses keçiriləcək. Məhkəmə saat 18-də başlanacaq. Məlumatı “Media forum” saytına müsavatçı Elman Fəttah verib.
Elman Fəttah deyib ki, Yadigar Sadıqovun artıq bir neçə vəkili var: “Vəkil Xalid Bağırovun işi olduğu üçün Lənkərana gələ bilmədi. Hazırda digər vəkil Nemət Kərimli ilə yoldayıq. Məhkəməyə çatmağa çalışırıq. Yadigar bəyin dövlətin təyin etdiyi vəkili də var”.
İyunun 27-də Yadigar Sadıqov Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
Rəşid Kərimovun müraciəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinə başlanıb.
Yadigar Sadıqov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində müəllim işləyib.
2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2004-cü ildən 2011-ci ilə kimi Lənkəran təşkilatının sədri olub. 2011-ci ildən Müsavat başqanının müşaviridir.
Evlidir. İki qızı, bir oğlu var.
Mediaforum.az