
Müsavat başqanının müşaviri Yadigar Sadıqova çıxarılmış hökmdən şikayət veriləcək.
Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub. 2014-cü il yanvarın 13-də Lənkəran Şəhər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum edib. Müsavat başqanının müşaviri silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə təqsirli bilinib.
Yanvarın 17-də Yadigar Sadıqovun vəkili Xalid Bağırov “Media forum” saytına bildirib ki, məhkəmə hökmünün surətinin onlara çatdırılmasını gözləyirlər: “Qərarın surəti yanvarın 16-da poçt vasitəsilə mənə göndərilməli idi, amma hələ də göndərilməyib. Sənədi əldə etdikdən sonra apellyasiya şikayətini hazırlayacağıq”.
Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah “Media forum”a açıqlamasında komitənin iclasının keçiriləcəyini deyib: “Yanvarın 18-də Müsavat Partiyasının mərkəzi qərargahında müdafiə komitəsinin iclası keçiriləcək. Saat 17-də başlayacaq iclasda hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər. Yadigar Sadıqovun müdafiəsi məqsədilə atacağımız addımlar müzakirə olunacaq.
Biz yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət hazırlayırıq. Yadigar Sadıqov siyasi məhbus statusu daşıyır. İndi isə məsələ onun vicdan məhbusu elan olunmasından gedir. Bununla bağlı vəkil Xalid Bağırov “Amnesty İnternational” təşkilatı ilə danışıqlar aparır. Ortada məhkəmə hökmü var. Biz artıq Yadigar Sadıqovun müdafiəsi işini genişləndirməliyik. Toplantıda bu və digər məsələləri müzakirə edib qərarlar verəcəyik”.
Elman Fəttah yanvarın 17-də Bakı İstintaq Təcridxanasında Yadigar Sadıqovla görüşdüyünü də bildirib: “Hamıya salamı var, mübariz əhvaldadır. Bu cür qərar veriləcəyini öncədən gözləyirdi. O, həbsini uzun illərdir hakimiyyətin Müsavat Partiyasına qarşı apardığı repressiyanın davamı sayır. Yadigar bəy ürəyindəki xroniki problemlərlə əlaqədar mütəmadi dərman qəbul edir. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə olub”.
Qaynar.info