
Yadlaşdığımız qədər doğmalaşaq…
Son günlər ictimaiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri məhz intihardır. Vəziyyət olduqca acınacaqlıdır...
Görün, vəziyyət hansı həddədir ki, hətta ölkənin ən tanınmış psixoloqu da intihara əl atıb. 26 günə 48 intihar… Elə bir vəziyyət yaranıb ki, sanki növbəti intihar xəbəri eşidəcək kimi oturub gözləyirik. Yadımdadır, bir neçə il öncə belə intihar dalğası başlamışdı. Və eyni vəziyyətdən bir təhər də olsa, çıxış yolu taparaq intihar mövzusunu gündəmdən itirdilər. İlk olaraq, insanlar tərəfindən xəbər saytlarında tirajlanan intihar xəbərləri qınanıldı. Daha sonra isə bir çox xəbər portalları intihar xəbərlərinin yayımlanmasını dayandırdı. Düzdür, indiki durum əvvəlki dövrlərə nisbətən daha çətindir. Ölkədəki ağır iqtisadi böhran, işsizlik və sair problemlər insanları ağır duruma sürükləyir. Belə olan təqdirdə hamı intihara meyllənməlidir? Cavab bir mənalı olaraq “xeyr” deyəcəyik. Bəs, onda çıxış yolu nədir?
Çıxış yolu toplu insanların psixoloqlara müraciətində deyil. Çünki psixoloq hər nə qədər “yaxşı olacaq” desə də, yaxşı olmasına içi mən qarışıq inanımımız itib. Bəs, çarə nədir? Başımıza gələnlərdə nə qədər günah sahibiyik? Son illərdə diqqət yetirsək, hamı bir-biri ilə yadlaşıb. Yadımdadır ki, 15 il öncə hər həftə qohum-qonşu ilə əlaqə saxlayıb hal-əhvalını soruşardıq. Biri giley-güzar edəndə “ a kişi bir dərdini de, bəlkə əlac tapdıq” deyərdik. Yardımımız dəyməsə də, həmin mənəvi və maddi böhran içində olan insan (qohum, qonşu, dost) ürəyini boşaldıb rahatlıq tapırdı. Üstəlik tez-tez zəng edərdik ki, “necəsən, ürəyini sıxma düzələr, özünü təkcə fikirləşmə” kimi sözlərlə ona təskinlik verib dəstək dururduq. Onlar da içlərində sevinirdilər ki, nə yaxşı məni düşünən var. Amma çox təəssüf indi yadlaşmışıq. Elə yadlaşmışıq ki, qardaş-qardaşdan küsülüdür, oğul atasına dərdini deməyə çəkinir. Qonşu qonşunun qapısını ya xeyirdə, ya da şərdə döyür. Uşaq vaxtı isə bir gün sənin, bir gün isə mənim evimdə oturub söhbət edərdik. Söhbət maddiyyatdan getmir. Bir-birimizə olan qayğıdan gedir. Bəlkə də, bizim nöqsanımız elə bundadır. Eqoist olub yalnız özümüzü düşünərək öz problemlərimizlə güləşirik. Hazırki durumumuz gözləri səmaya dikilərək yağışı gözləyən qurumuş ağaclara bənzəyir. Amma bir onu da düşünək ki, bəlkə başımızı yuxarı deyil, sağa-sola çevirək. Bəlkə bu qurumuş ağaclara səmadan deyil, yanımızda olan insanlar pənah yetirəcək. Bax, artıq səmaya dikilən naümid baxışlarımızın istiqamətini dəyişsək, nəsə edə bilərik…
Sonda bir qısa hekayə ilə nə dediklərimi sizə çatdırmaq istəyirəm. Amerikalı milyonçu müflis olur. Hər şeyini, hətta evini də itirir. Bir gün öz vəziyyətini düzəltmək üçün son şans olan bir iş dalınca gedir. Yolda düşünür ki, bu iş də alınmasa, intihar edəcək. İş baş tutmur və adam geri dönərkən keçdiyi küçələrlə, yemək yediyi restoranlarla və s. vidalaşa-vidalaşa intihar etmək üçün gedir. Birdən aşağıdan "Good morning, ser!" səsini eşidir. Səs gələn tərəfə baxanda görür ki, əlil arabasında iki ayağı da olmayan biri oturub, gülər üzlə ona salam verir. Bunu görəndə sanki oni elektrik cərəyanı vurur və yuxudan ayılır. Düşünür ki, bu vəziyyətdə olan adam belə gülərüz və yaşamaq həvəsi ilə doludursa, mən niyə intihar edim. Gedir bir avtoyuma məntəqəsinə, orada yuyucu kimi işə başlayır. Öz istedad və bacarıqlarını yenidən səfərbər edir, yeni iş qurur və bir neçə ildən sonra təkrarən milyonçu olur.
Pərvin Zeynal
Qaynarinfo.Az