(kiçik esse)
Yaşamaq iki cür olur: adam kimi yaşamaq, insan kimi yaşamaq.
Adam kimi yaşamaq çətindir. Adamlığa, maddiyyatdan çox ruha önəm vermək, hər zaman vicdanını dinləmək, yalan danışmamaq, rüşvət götürməmək, haqqın, haqlının yanında olmaq, haqlını müdafiə etmək...
Ən əsas mənliyini, şəxsiyyətini qorumaq, maddi xeyir naminə yaltaqlanmamaq, alçalmamaq, gözükölgəli, diliqısıq olmamaq, nəfsini idarə edib həmişə gözütox qalmaq.
Və alçaqlar arasında məqamı çatanadək susmaq...
Yox, əgər susmasan, namussuzlar baxıb sənin düzlüyünə, qüruruna, mənliyinə haqlı olsan da, ifşaya dözməyəcəklər, səni də özlərinin tayı etmək məqsədi ilə, əvvəl nəsə vəd verib sözünü geri qaytarmaq, üzrxahlıq tələb edəcəklər, razılaşmasan hədələyəcəklər, ləkələməkdən ötrü heysyyətinə toxunacaqlar, sonra şərləyəcəklər, üzünə duran tapacaqlar, həbsə göndərəcəklər...
Şəxsiyyətini qorumaq üçün susmalı, mənən sınmalı, ya da başını götürüb qürbətə getməlisən.
Dözmək, susmaq, içində daim haqsızlıq əzabı çəkməkdir – adam kimi yaşamaq...
İnsan kimi yaşamaq da çətindir. Sən mələk deyilsən, insansan. Maddiyyat dünyasında yaradıb Yaradan səni. Yaşamağa tək bir ömür verib.
İnsan kimi yaşamaq, həyatdan həzz almaq, hər şeyin ən yaxşısını, gözəlini istəyirsən. Amma, əyrilər, haramzadalar arasında nəfsin çəkdiklərini düzgünlüklə, rahat, tez əldə etmək, həyatının bütün ehtiyaclarını asan ödəmək mümkün deyil. Məcbursan, öz xeyrin, çox gəlirin üçün yalan danışasan, aldadasan, rüşvət alasan. İşin keçən adamı tərifləyəsən, cəmiyyətdəki haqsızlıqlara göz yumasan, yalnız icazə ilə, göstəriş gələndə danışasan.
Vəzifəni, büdcədən qamarladığın pulları, obyektlərini, topladığın var-dövləti itirmək qorxusundan riyakarlığa, hər sifətə düşməyə hazırsan. Kasıb, qürurlu, şəxsiyyətli adam gözünün düşmənidir. Çünki, səndə olan səlahiyyət, imkan onda yoxdusa da, onda olan əxlaq da, səndə yoxdur. O yoxluq səni yandırır və qəlbinin dərinliyində həmin boşluğu, şəxsiyyətsizliyini anıb dözürsən, tamahından səsini çıxarmırsan.
Bilirsən ki, ailəndə də, iş yerində də, hər yerdə sənə özünün yox, vəzifənin və pulunun hesabına hörmət edirlər. Vəzifən, pulun bitən kimi gərəksizləşib müqəvvadan fərqin olmayacaq. Rastlaşanda dillərinə gətirməyib üzünə gülsələr də, çoxlarının ürəyində nifrət etdiklərini, səni "şərəfsiz” saydıqlarını təxmin edirsən. Lap "Şərəf” nişanın olsa, belə...
Yaşamaq iki cür olur:
Çətindir - adam kimi də, insan kimi də...
Rövşən Yerfi