Xəbər lenti

Yayda xaricə istirahətə getmək neçəyə başa gələcək?
Ölkə18:21 20.04.2015

Yayda xaricə istirahətə getmək neçəyə başa gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsti yay günlərinə çox az qalıb. Bu ərəfədə əksəriyyət harada istirahət etmək barədə düşünməyə başlayır. Ölkə daxilində dincəlməyə üstünlük verənlərlə yanaşı, xarici ölkələrə üz tutanlar da az deyil. Bu ilin fevral ayında manatın devalvasiyasından sonra təyyarə biletlərinin qiyməti bahalaşdı. Belə ki, artıq bir çox istiqamətlərdə uçuşlarda açıq-aşkar qiymət artımı hiss olunur. Görəsən bu yay xarici ölkələrə təşkil ediləcək turların qiymətlərində hansı dəyişikliklər var? Ötən illə müqayisədə sifarişlər azalıb və ya artıb? Bəs manatın dollar qarşısında ucuzlaşması turizm şirkətlərinin işinə necə təsir göstərib?
Turizm şirkətlərindən birinin satış müdiri Şərif Qasımov analitik.az-a bildirib ki, hər il fevral ayından yay turizmi üçün başlayan erkən rezervasiyalarda da dolların kursunun yüksəlməsi ilə bağlı ciddi problemlər yaşanıb. Ş. Qasımov deyir ki, dollar bahalaşmamışdan öncə alınan biletlər üçün əlavə ödənişlər edilməsi məcburiyyəti yaranıb: “Bütün satış şirkətləri turist paketlərini eyni mərkəzdən alırlar. Dolların bahalaşmasından sonra hamı çətin bir durumla üz-üzə qalıb. Ya alınan biletlər üçün əlavə ödənişlər edilməli, ya da geri qaytarılmalıdır”.
Onun sözlərinə görə, problem ondadır ki, satış şirkətləri xaricdən aldıqları biletlərin pulunu həmin şirkətlərə dərhal ödəmirlər. Bəzi turizm agentlikləri xarici tərəfdaşları ilə hesablaşmanı 3-4 ay sonra aparılmasını razılaşdırırlar: "Bu isə o deməkdir ki, məsələn, fevralın 10-da müştəriyə günlük kursla 2500 manata satılan bilet üçün may-iyun aylarında xaricdəki şirkətə təxminən 825 manat (2500 manatın 33 faizi) əlavə vəsait ödənilməlidir. Buna görə də şirkət müştərilərdən bu fərqi almaq məcburiyyətindədir."
Başqa bir neçə turizm agentliklərindən onu da deyiblər ki, ötən illə müqayisədə bu mövsüm satış təxminən 80-85 faiz azalıb. Çıxış yolu kimi isə AZAL-ın biletlərin qiymətini endirməsinin ola biləcəyini vurğulayırlar. Bəllidir ki, Azərbaycan Hava Yolları şirkəti nəinki regionda, hətta dünyada ən bahalı xidmət təklif edən şirkətlərdəndir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanın, Rusiyanın, Ukraynanın, Türkiyənin hava yolu şirkətlərində qiymətlər AZAL-dan xeyli ucuzdur. Söhbət AZAL-ın həm qonşu ölkələrə, həm də daha uzaq məsafəli səfərlərindən gedir. Əgər Türkiyədən cəmi 120-150 avroya Qərbi Avropaya səyahət etmək mümkündürsə, AZAL-da bu qiymətlər 800 avroya yaxındır. Təbii ki, məsafə fərqi də var, ancaq kilometrlərlə hesabladıqda qiymətin nə qədər yüksək olduğu aşkar görünür.
Turizm şirkətlərindən bildiriblər ki, ötən illə müqayisədə turların qiymətləri 30-35 faiz bahalaşıb. Məsələn, hazırda bir nəfər üçün 7 gecə, 8 gün Montoneqro turunun qiyməti oteldən asılı olaraq 775-1120 manat arasında dəyişir: "Bura aviabilet, sığorta, qidalanma da daxildir."
Türkiyənin Antalya istirahət zonasında isə 3 ulduzlu oteldə bir həftə dincəlmək aviabilet daxil 465 manata başa gəlir. 7 gecə, 8 gün İspaniyanın Barselona şəhərinə çimərlik turu 780, Budapeşt turu 6 gecə, 7 gün üçün isə qiymət 530 manatdır. Amma uçuş Bakıdan deyil, Gürcüstanın Kutaisi şəhərindən həyata keçirilir. Bu qiymətə aviabilet, kiçik əl baqajı, 3 ulduzlu oteldə qalma, səhər yeməyi, sığorta haqqı daxildir. Əlavə olaraq isə 35 avro viza rüsumu ödənilməlidir. Əgər bağajınız böyük həcmdə olarsa bunun üçün də ödəniş etməlisiniz.
7 gecə, 8 günlük Roma turunun qiyməti isə 950 manatdır. Bu tur çərçivəsində Roma, Venesiya , Florensiya, Neapol, San Marino, Rimini, Roma şəhərələrini gəzə biləcəksiniz. Qiymətə səhər yeməyi, sığorta, qarşılanma xidməti, proqram üzrə eksursiyalar və təyyarə bileti daxildir. Viza xidmətləri üçün isə əlavə ödəniş etməlisiniz. Turizm şirkətlərindən onu da deyirlər ki, müraciət edənlər əsasən Monteneqro və Türkiyə istiqamətlərini seçirlər.
Qaynar.info