Xəbər lenti

Yeni gənclər və idman naziri kimdir? (DOSYE)
Ölkə 13:51 07.09.2021

Yeni gənclər və idman naziri kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib.

Qaynarinfo yeni nazirin dosyesini təqdim edir:

Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib.


2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb.

2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib.

2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşıyıb.

2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17-19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilib (2008-2012-ci Olimpiya dövrü üzrə).[2]

2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib.

2012-ci ildə FIG-nin 79-cu Konqresində (25-27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilib.

2013-cü ildə Portoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina edib.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.

2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olub.

2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşıyıb.

2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib.

2015-2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə "Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.

2016-2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşıyıb.

Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olub (təyinata əsasən).

2017-ci il 1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->