Xəbər lenti

Ölkə 13:25 15.05.2024

"Yeni hakim təyinatları cəmiyyətdə ədalətli məhkəmə araşdırmasına böyük inam yaradır"

"İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri təyin edildikdən sonra onun rəhbərliyi ilə hakimliyə ikinci qəbul həyata keçirilib. Birinci qəbulun bir hissəsi, son qəbulun isə bütün mərhələləri İnam Kərimovun rəhbərliyi dövründə həyata keçirilib. Sevindirici haldır ki, artıq hakimliyə qəbul zamanı namizədin nəinki hazırkı biliyi, o cümlədən onun təhsili, şəxsiyyəti, xarakterik xüsusiyyətləri də nəzərə alınır. Yeni təyin olunan hakimlərin təxminən 60-70 faizinə Bakı Dövlət Universitetində dərs demişəm. Onların demək olar ki, hamısı Hüquq fakültəsində çox yaxşı təhsil alan şəxslər olub. Tələbəlik dövrlərində də öz qruplarının liderləri idilər. Belə şəxslərin hakim təyin edilməsi cəmiyyətdə hüquqa inamı artırır”.

Bunu Bakı Dövlət Universitetinin (BDU) professoru, hüquq elmləri doktoru Sübhan Əliyev yeni hakim təyinatları ilə bağlı danışarkən deyib.

O bildirib ki, hakim ədalətli olmaqla yanaşı, həm də hüquq sahəsində çox bilikli şəxs olmalıdır: "Məni ən çox sevindirən hal ondan ibarətdir ki, biz bu cür bilikli tələbələrimizi hakim kimi gördükdə universitet auditoriyalarında keçirilən mühazirələrimizdə onları nümunə olaraq göstəririk və təhsil alan tələbələrimizi gələcəkdə hakim olmaq istiqamətində ruhlandırmağa çalışırıq. Hakim təyin olunan tələblərimizin tələbəlik dövrlərində dərslərə necə həvəslə hazırlaşdıqlarını, yüksək nəticələr göstərdiklərini bildirməklə təhsil alan tələblərimizin də gələcəkdə yüksək vəzifələrdə çalışacaqlarına inam yaradırıq. Beləliklə, belə sevindirici islahatlar eyni zamanda universitetlərdə hüquq fakültələrində təhsilin də səviyyəsinin artması ilə nəticələnir. Bu da onun göstəricisidir ki, həyata keçirilən məhkəmə-hüquq islahatları təhsilin inkişafına da töhfə verəcək. Hakimlərin təyinatı zamanı ən mühüm məqam ondan ibarətdir ki, hakimliyə qəbul zamanı hər üç mərhələdə toplanmış ballara uyğun olaraq onların özləri hakim təyin olunmaq istədikləri rayonları (şəhərləri) seçirlər. Bu da məhkəmə-hüquq sisteminin inkişafı üçün önəmli göstəricidir. Çünki hakimliyə qəbul üzrə müsabiqədəki ədalətlilik meyarını nəzərə alaraq, ən bilikli hüquqşünaslar hakim olmaq üçün imtahanlarda iştirak edirlər”.

Professorun fikrincə, yeni təyinatlar cəmiyyətdə ədalətli məhkəmə araşdırmasına böyük inam yaradacaq: "Vaxtilə Azərbaycan Respublikasında hüquq fakültəsinə daxil ola bilmədiyi üçün Rusiya Federasiyasında, Ukraynada, Dağıstanda müxtəlif universitetlərin hüquq fakültələrində diplom almış və hal-hazırda yüksək vəzifələrdə çalışan şəxslər də mövcuddur ki, mütəmadi olaraq həmin şəxslərin də sosial şəbəkələrdə, mətbuatda tənqid olunması, onların diplomlarının saxta olması və s. kimi tənqidi fikirlərlə də rastlaşırıq. Lakin hesab edirəm ki, son hakimliyə qəbulda olduğu kimi, bilikli tələbələrimizin hakim təyin olunması bu cür mənfi fikirlərin də qarşısını alacaq, cəmiyyətdə ədalətli məhkəmə araşdırmasına böyük inam yaradacaqdır. Hətta son qəbulda hakim təyin olunan tələbələrimin bəzilərinin imtahan nəticələri və göstəriciləri hələ də məndə qalmaqdadır. Həmin nəticələri hüquq fakültəsində təhsil alan tələbələrə göstərərək fəxrlə deyə bilirəm ki, hakim təyin olunan tələbəmiz vaxtilə inzibati hüquq, konstitusiya hüququ fənlərindən 100 bal (A) alıb, indi isə hakim təyin edilib”.

S.Əliyev hakimliyə qəbul imtahanlarının ildə iki dəfədən az olmayaraq keçirilməsini, qəbul üçün mərhələlərin sayının azaldılmasını, hakimlərin sayının artırılmasını, gənc hakimlərə üstünlük verilməsini aparılan məhkəmə-hüquq islahatlarının üstünlüyü kimi qiymətləndirib. O deyib ki, bütün bunlar nəticəsində cənab Prezidentin də mövqeyinə uyğun olaraq, İnam Kərimov tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları ilə çox bilikli hakim korpusu formalaşdırılır.

S.Əliyevin sözlərinə görə, gənc hüquqşünaslarda hakimliyə maraq xeyli artıb: "Hesab edirəm ki, hüquq fakültəsinə yüksək balla daxil olan və cəmiyyətə nüfuza malik olan gənc hüquqşünasların hakim təyin olunması digər şəxslər üçün də motivasiya olur. Belə ki, hüquqşünas olaraq müvafiq qurumlarda, inzibati orqanlarda çalışan şəxslər də hakimlik imtahanında iştirak etməyə can atırlar. Hesab edirəm ki, hazırda göstərdiyim səbəblərdən gənc hüquqşünaslarda hakimliyə maraq xeyli artıb. Bütün bunlar Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun cənab Prezidentin mövqeyinə uyğun olaraq mütəmadi olaraq həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin, Hakimlərin Seçki Komitəsinin obyektiv fəaliyyətinin, Məhkəmə-Hüquq Şurasının aparatında Kərəm Mansurovun rəhbərliyi aparılan ədalətli araşdırmaların nəticəsidir. Bundan başqa, hakimlərin təminatlarının daha da yaxşılaşdırılması hesab edirəm ki, gənc hüquqşünasların hakimliyə qəbul imtahanında iştirak səviyyəsinin xeyli artıracaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->