Xəbər lenti

Yeni vergi qanunvericiliyində ciddi yanlışlıq
Ekonomiks06:55 30.01.2017

Yeni vergi qanunvericiliyində ciddi yanlışlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2017-ci ildən başlayaraq vergi qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikasının Vergilər Məcəlləsində çoxsaylı əlavə və dəyişikliklər edilmiş və nağdsız hesablaşmalarları tənzimlənməsi üçün yeni qanun qəbul edilmişdir. Qanunvericilikdə baş vermiş bu dəyişikliklərin Vergilər Nazirliyi tərəfindən bütün vergi ödəyicilərinə göndərilmiş və izahedici materiallar hazırlanaraq icatimaiyyətə təqdim edilmişdir. Lakin, qeyd etmək istəyirik ki, nağdsız hesablaşmalar haqqında formalaşdırılmış bu yeni qanunvericilikdə ciddi yanlışlığa yol verilmişdir. Qeyd etdiyimiz bu yanlışlığın nə ilə bağlı olduğunu izah edək.
İlk öncə, nağdsız hesablaşmalar haqqında qanunun 3.3-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir:
“Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”
Qanun bu maddəsi qeyd edilmiş vergi ödəyicilərinin alışları ilə bağlı nağd ödənişlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.  Bu maddə Vergilər Nazirliyinin rəsmi internet saytında sual-cavab bölməsində də bu formada açıqlanmışdır. 
İkinci, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi isə aşağıdakı redaksiyada verilmişdir:
“Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.
Vergi Məcəlləsinin bu maddəsi vergi ödəyicilərinin satışları ilə bağlı nağd əməliyyatların məhdudlaşdırılmasına əməl edilməməsinə görə tətbiq ediləcək maliyyə sanksiyalarını nəzərdə tutur.
Yuxarıda qeyd etdiyimiz iki müxtəlif qanunvericilik aktının müvafiq maddələrini qarşılaşdırdıqda yazının əvvəlində bildirdiyimiz yanlışlıq buradan üzə çıxır. Belə ki, Vergi Məcəlləsi satışla bağlı nağd əməliyyatların məhdudlaşdırılmasının pozulmasına görə maliyyə sanksiyasının tətbiqini qeyd etsə də, “Nağdsız hesablaşmalar haqqında” qanunda məhdudlaşdırmalar satışla deyil, alışla bağlı nəzərdə tutulmuşdur. Eyni zamanda, sözügedən Qanunda isə alışla bağlı bu məhdudiyyətlərin pozulmasına görə məcəllədə heç bir maliyyə sanksiyası nəzərdə tutulmamışdır. Nəticədə, nağdsız hesablaşmalarla bağlı natamam, nəzəri və praktiki mahiyyəti olmayan bir qanunvericilik formalaşdırılmışdır.
Məsələn, nağdsız hesablaşmalar haqqında qanunda ƏDV ödəyicilərinin aylıq nağd ödənişlərinə 30.000 manat məhdudiyyət müəyyən edilsə də, bu məhdudiyyət pozulduğu halda, tutaq ki, təqvim ayı ərzində 40.000 manat nağd ödəməsi olarsa, bu zaman vergi ödəyicisinə hər hansı bir sanksiyanın tətbiq edilməsi üçün hüquqi əsas yoxdur. Buna qarşılıq isə, Vergi Məcəlləsində qanunda olmayan məhdudiyyətlərə qarşı maliyyə sanksiyası nəzərdə tutmuşdur. 
Səftər Vəlizadə 
İqtisadçı