Xəbər lenti

Yerdə oksigen səviyyəsi milyon dəfə azala bilər - Fəlakət senarisi
Dünya 22:23 08.06.2025

Yerdə oksigen səviyyəsi milyon dəfə azala bilər - Fəlakət senarisi

Alimlər Yer atmosferindəki oksigen səviyyəsinin gələcəkdə təxminən milyon dəfə aşağı düşəcəyini və bu vəziyyətin indiki həyat formalarının demək olar ki, hamısının yox olmasına səbəb olacağını bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri "Nature Geoscience" jurnalında dərc olunmuş araşdırmaya istinadla yazır.

Tədqiqat göstərir ki, bu dəyişiklik növbəti milyard il ərzində baş verəcək və Yer atmosferini təqribən 2,4 milyard il əvvəlki – "Oksigen fəlakəti” öncəsi dövrə qaytaracaq. Proqnoz Günəşin parıltısının tədricən artması və bu artımın Yer kürəsinin geokimyəvi dövranlarına təsiri əsasında aparılmış modellərə əsaslanır.

Oksigenin azalmasının səbəbləri

Tədqiqatçılar bildirirlər ki, Günəşin parlaqlığı artdıqca bu, karbon dövranını, xüsusilə karbonat-silikat dövranını dəyişəcək və nəticədə atmosferdəki karbon qazı (CO₂) azalacaq. CO₂ səviyyəsinin azalması isə fotosintez edən orqanizmlərin aktivliyini zəiflədəcək və bununla da oksigenin istehsalını azaldacaq.

Yaponiyanın Toho Universitetindən ekolog Kazumi Ozaki qeyd edib: "Uzun illərdir ki, Yer biosferinin ömrü Günəşin parlaqlığının artması və karbonat-silikat geokimyəvi dövranı ilə əlaqələndirilir. Bu yanaşma atmosferdəki CO₂-nin azalmasına və qlobal istiləşməyə gətirib çıxarır”.

Oksigen kəskin şəkildə azalacaq

Araşdırmanın nəticələrinə əsasən, oksigenin səviyyəsi Yer kürəsində hələ "istixana effekti” başlamadan və səth sularının böyük hissəsi itmədən öncə, sürətlə aşağı düşəcək. Georgia Texnologiya İnstitutunun geoloqu Kris Raynhard bildirib: "Oksigenin azalması olduqca kəskin olacaq. Biz hazırkı səviyyədən təqribən milyon dəfə az oksigen səviyyəsindən danışırıq”.

Belə vəziyyət oksigenlə nəfəs alan canlıların demək olar ki, hamısının yox olması, mürəkkəb ekosistemlərin dağılması və anaerob (oksigensiz yaşayan) orqanizmlərin üstünlük qazanması ilə nəticələnəcək.

Astrobiologiyaya təsiri və həyat meyarlarının dəyişməsi

Tədqiqat həm də astrobiologiya üçün mühüm nəticələr doğurur. Uzun müddət atmosferdə oksigenin olması həyatın əsas göstəricisi hesab olunurdu. Lakin bu nəticələr göstərir ki, oksigenli atmosferlər yalnız müvəqqəti mərhələlər ola bilər. Bu isə alimləri həyatın izlərini axtararkən kriteriyaları yenidən nəzərdən keçirməyə vadar edir.

Alimlər qeyd edirlər ki, Yer kürəsinin oksigenli atmosfer dövrü onun yaşama uyğun olduğu ümumi dövrünün cəmi 20-30 faizini təşkil edə bilər. Bu isə o deməkdir ki, aşağı və ya sıfır oksigenli planetlər də başqa növ həyat formalarına ev sahibliyi edə bilər.

Atmosfer necə dəyişəcək?

Gələcəkdə Yer atmosferinin metanla zəngin, CO₂ ilə kasad və ozon təbəqəsiz olacağı proqnozlaşdırılır. Bu şərait yalnız anaerob həyat formaları üçün uyğun olacaq və oksigenin həyat göstəricisi kimi qəbul edilməsinə dair mövcud təsəvvürlərə ciddi təkan verəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->