Bizim insan yalnız qızının qısa yubkasına görə müəllimə qonşusuna irad bildirə bilər. O da ən cəsarətlisi. Adətən qeybət edər. Bizim insanın ictimai qınağı bundan ibarətdir.
Həmin müəllimənin seçki saxtakarlığından ona nə? İşdi də, tapşırıblar, o da edib. Əsas olan qızının yubkasıdır. O yubka ölkəni xilas edəcək.
Amma nə ölkə? Ölkədən ona nə? Əsas məhlə və onun namusudur.
Ana-bacısı söyülmədən özünü təhqir olunmuş saymır bizim insan. Ona görə ölkənin içində şəxsiyyəti təhqir sərhədləri olduqca lokaldır. Evi. Vəssalam. Bizim insanın hələ də milli ruhunun qorunmasında əvəzsiz xidmətləri olan Moskva bazarlarına sevgilərimiz və sayğılarımız.
Bizim insan vətəndaş ola bilmir. Olmaq istəmir. Nəyinə lazım? O, genlərinin əlində aciz qalmış sadəcə fərddir.
İllərdir, şüurlar məhlə namuslarıyla məşğulkən milli şüur müəllimələrin dikdabanları altında inildəyir, amma ölə bilmir.
Bizim insan ölkədəki rolunu dərk etmir, o, hələ də feodalizmdədir. Biyara gedir. İşləsin, çörəkpulunu alsın (çörəkpulu biri üçün 5 manat, o biri üçün 5 min manat ola bilər), gəlsin yatsın.
Bizim insan Mikayıl Cabbarovdan xarüqələr gözləməkdə davam edir: Bəs noldu yenə fond pulları yığıldı? Noldu bəs Müəllimlər günü yenə cah-cəlallı bayram edildi? Noldu yenə məktəbə müəllim düzəlmək üçün kreditə girdik?
Bunlar olmasın deyə bəs sən neylədin, bizim insan?
Bizim insan vətəndaş olacaqmı? Budur məsələ. Olacaq yəqin ki. Amma biz o günü görməyəcəyik. Azərbaycan təhsilini xilas etmək üçün öncə seçki komissiyaları məktəblərdən yığışdırılmalıdır! Bu dəfə səyyar saxtakarlıq dəzgahları xəstəxanalarda qurulsun. Bir az da həkimlərin əli batsın vicdanın qanına.
***
Və dünyada üç cür müqəddəslik var: Vətən, Ana və Yuxu. Gedək, yataq.