Xəbər lenti

İdman 14:28 11.07.2023

Yunis Hüseynov: “Onunla bu zarafatımız həmişə yada düşəcək...”

Ötən gün "Sumqayıt”ın sabiq futbolçusu və məşqçisi Zakir Mahmudov dünyasını dəyişdi. Son olaraq klubun akademiyasında çalışan Mahmudov uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat etdi. Karyerası boyu "Şəmkir”, "Karvan”, "Xəzər Lənkəran” kimi klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərmiş Mahmudovun ən yaxın dostlarından biri Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov idi. 

Uzun illər, həm "Karvan”da, həm "Xəzər Lənkəran”da onunla birlikdə çalışmış veteran futbolçu Qaynarinfo-ya açıqlamasında xatirələrini bölüşüb:

"Allah rəhmət eləsin. Hazırda rayondayam. Xəbəri səhər mənə zəng vurub çatdırdılar. Çox pis oldum. Köməkçilərimdən biri olub. Daim birlikdə işləmişik. Deyib-gülən insan idi. Elə adam yoxdur ki, onun haqqında mənfi sözlər desin. Kimi dindirsəniz, onun haqqında müsbət rəylər söyləyəcək. Komandada heç kimin xətrinə dəyməzdi. Əsl kollektiv yarada biləcək məşqçi idi. Ona həmişə inanırdım. Zakir müəllimin işlədiyi yerdə söz-söhbət ola bilməzdi”.

Son vaxtlar Mahmudovun heç də yaxşı durumda olmadığı hətta, evini sataraq şəraitsiz bir mühitdə, kirayədə yaşadığı bildirilirdi.  Hüseynov son vaxtlar onunla maraqlanmışdımı?

"Açığı, maraqlanırdım. Mütəmadi olaraq əlaqə saxlayırdıq. Ev məsələsi ilə bağlı dəfələrlə AFFA-ya müraciət etmişdim. Federasiya "Sumqayıt”ın prezidenti Riyad Rəfiyevlə əlaqə saxlayıb Zakir müəllimə klub vasitəsilə kömək etmişdilər. Sağ olsunlar, maliyyə yardımı göstərmişdilər. Mənə də köməklik olunduğunu demişdilər. Elə Zakir müəllim özü də təsdiqləmişdi. Bilirsiniz, o, əliaçıq adam idi. Həmişə ona deyirdim ki, belə olmaz. Durumu görəndə açığı, ürəyim ağrıyırdı. O, yaxşı yaşamağa layiq oğul idi. İnandırım sizi, kirayədə qaldığını öyrənəndə şoka düşmüşdüm. Bu durumu sonradan öyrənmişdim”.

Keçmiş futbolçu onunla xeyli müddət işlədiyini deyir:

"5-6 il "Karvan”da birlikdə işlədik. 2012-ci ildə "Xəzər Lənkəran”a gedəndə onu da özümlə apardım. Son illərdə birlikdə çalışmırdıq. Səbəbi də odur ki, getdiyim komandalarda məşqçilər vardı. Düzdür, Zakir müəllimlə danışırdıq, onu yanıma gətirmək istəyirdim. Sadəcə, bunun üçün vaxt lazım idi. Bu vaxt ərzində də məni işdən çıxarırdılar. "Kəpəz”də və "Keşlə”də (indiki "Şamaxı”) cəmi altı ay işlədim. Komandanı  formalaşdırandan sonra onu mütləq köməkçi kimi yanıma gətirəcəkdim. Ancaq işində həddindən artıq ciddi idi. Lazım olanda ciddiliyi, yeri gələndə zarafatları var idi”.

Maraqlıdır, Hüseynov sabiq köməkçisini ən çox nə ilə, hansı xatirələrlə xatırlayacaq?
 

 
"O həmişə yaddaşlarda qalacaq. Həmişə məşqçilərlə birlikdə olanda onu çağırarkən "Zzzz…” deyirdik (gülür). Özü də gülürdü. Yəni adını çəkmirdik, baş hərfini deyirdik (gülür). Onunla bu zarafatımız həmişə yada düşəcək”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->