İdman 16:29 16.02.2023

Yunis Hüseynov: “Səhər məlum oldu ki, heyətdə 9 nömrəli futbolçu yoxdur”

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ” Belçika təmsilçisi "Gent”i qəbul edəcək. Uzun fasilədən sonra Avropa meydanlarında yenidən çıxış edəcək komandanın durumu haqda müxtəlif fikirlər səsləndirilir.

Yunis Hüseynov da qarşılaşma öncəsi düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:

"İlk növbədə "Qarabağ”a uğurlar arzu edirəm. Neçə müddətdir fasilə idi. Artıq UEFA-nın yarışları başlayıb. Kadi, Ovusu komandadan getdi. Bu səbəbdən ilk oyunlarda elə Qurban Qurbanovun da dediyi kimi, komanda özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Ancaq mənə elə gəlir ki, ölkə çempionatı ilə avrokuboklar tam başqadır. Bilirsiniz ki, "Qarabağ” azarkeşləri qarşısında özünü yaxşı hiss edir. Həm də komanda avrokuboklarda tam fərqli oynayır. İnanıram ki, bu gün də yaxşı oynayıb "Gent”ə qalib gələcəklər”.

Hüseynov heyət və yeni transferlərin də durumuna toxunub:

"Yeni transferləri "Sabah”la oyunda gördük. Əvəzetmələrdən sonra meydana çıxdılar. İlk baxışdan yaxşı təsir bağışladılar. Ancaq 90 dəqiqə oynamağa hazırdırlar ya yox, bunu dəqiq bilmirəm. Mənə elə gəlir hansı futbolçu tam hazırdırsa, ona şans veriləcək”.

"Qarabağ”ın baş məşqçisi olsaydınız, "Gent”lə oyunda Quqeşaşviliyə, yoxsa Amin Ramazanova güvənərdiniz” sualını keçmiş futbolçu vaxtilə yaşadığı maraqlı bir anı xatırlamaqla cavablandırıb:

"Komandanın baş məşqçisi var. Onun işinə müdaxilə etmək düzgün olmaz. Bu gün oyun var, hər məşqçi öz fikrini bildirsə… Səhv etmirəmsə, rəhmətlik Ramiz Mirzəyevin AFFA-nın prezidenti olduğu vaxt bir dəfə milli komanda ilə bağlı iclas keçirilirdi. Şahin Diniyev də yığmanın baş məşqçisi idi. Bakıda Finlandiya ilə keçiriləcək oyuna hazırlaşırdılar. Prezident məşqçiləri toplayıb fikirlərini öyrənirdi. Mövzu da bundan ibarət idi ki, "Sabah Şahin Diniyev "9” nömrəli formada kimi oynadacaq”. Təxminən saatyarımlıq iclasın 35 dəqiqəsi ərzində bu mövzu ilə bağlı danışdıq. Hərə öz fikrini dedi. Sonda mənə çatanda, dedim ki, Şahin müəllim, indidən sonra heç bir məşqçini çağırıb müzakirə aparmayın. Çünki baş məşqçi komandaya cavabdehdir. Təsəvvür edin, onun hansı heyətlə oynayacağı ilə bağlı fikirlərini dağıtdıq. Səhər məlum oldu ki, heyətdə "9” nömrəli futbolçu yoxdur (gülür). Baş məşqçi ümumiyyətlə, heç kimi Finlandiyaya qarşı "9” nömrəli formada oynatmayıb. Ona görə də belə şeyləri məşqçilərin səlahiyyətinə buraxmaq lazımdır. Kim özünə əmindirsə, o da oynayacaq”.

Səbuhi Həsənov