Xəbər lenti

Yunusları əfvlə azad edə bilərlər
Siyasət05:41 11.08.2015

Yunusları əfvlə azad edə bilərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhkəmə prosesində avqust ayının 13-ə kimi fasilə elan olunub.

Seçkilər yaxınlaşdıqca hakimiyyətlə Qərb arasında danışıqlar da intensivləşir. Qərb hakimiyyətdən həmişə olduğu kimi demokratiya və insan haqları ilə bağlı tələblərin gerçəkləşməsini tələb edir. Siyasi məhbuslar məsələsi bu seçki öncəsi də ənənəvi olaraq müzakirələrin mərkəzi mövzusuna çevrilib. 

Belə məlumatlar var ki, son müzakirələrin mövzusu hazırda yarıqapalı şəraitdə məhkəmələri keçirilən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla həyat yoldaşı, politoloq Arif Yunusla bağlı olub. Gələn məlumatlara görə, parlament seçkiləri öncəsi Yunuslar əfvlə azad olunmaları haqda ilkin razılıq əldə olunub. Bu haqda “Yeni Müsavat”a bilgiləndirən mənbə deyib ki, hazırda məhkəmənin sürətli şəkildə keçirilməsi də parlament seçkiləri ərəfəsində Yunusların azad edilməsi üçün atılan addımdır. 

Mənbə bildirib ki, Arif Yunusun məhkəmə prosesi zamanı halının kəskin pisləşməsi və ona bir-birinin ardınca 6 iynə vurmaqla prosesin davam etdirilməsi tezliklə məhkəmə hökmünün çıxarılmasına xidmət edən addımlardandır. Hökmdən az sonra isə əfvlə Yunuslar azad oluna bilərlər. Əfv fərmanının sentyabrda veriləcəyi də gözlənilir. Belə məlumatlar da var ki, Yunuslar əfv olunacaqları təqdirdə ölkəni tərk etməlidirlər. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Leyla və Arif Yunusların işi üzrə məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Prokuror L.Yunusun 11 il, A.Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.  Yunusların həbsi və məhkəməsi çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub, onlara fiziki və psixoloji təzyiqlər göstərilib. Beynəlxalq təşkilatlar yaşlı hüquq müdafiəçisini və onun həmyaşıdı olan həyat yoldaşının həbsini qanunsuz hesab etməklə siyasi motivlərlə həbs olunduqlarını dəfələrlə bəyan ediblər. 

Qeyd edək ki, Leyla və Arif Yunusların məhkəmə prosesi avqustun 10-da davam etdirilib.  Musavat.com-un müxbiri hadisə yerindən məlumat verir ki, məhkəmə nəzarətçiləri yalnız bəzi diplomatik nümayəndəliklərin - Almaniya, İngiltərə və ABŞ səfirliyinin təmsilçilərinin məhkəmə zalına buraxılmasına şərait yaradıblar. Onlar hətta Hollandiya və Fransa səfirliyindən gələnlərə, eləcə də yerli ictimaiyyətin nümayəndələrinə məhkəmə salonuna daxil olmağa icazə verməyiblər.

Bu səbəbdən zalın qarşısında iştirakçılarla məhkəmə əməkdaşları arasında qarşıdurma yaranıb. Əməkdaşlar açıq şəkildə zala heç kəsin buraxılmaması üçün onlara tapşırıq verildiyini bildiriblər.

“Trend”in məlumatına görə, məhkəmə prosesi açıq elan olunandan sonra L.Yunus məhkəmə prosesinə gətirilən hər 2 - rus-azərbaycan dili tərcüməçilərinə etiraz edib. Tərcüməçilərə etiraz edən L.Yunus məhkəmə qarşısında onların dəyişdirilməsini istədiyini söyləyib. O, mövqeyini tərcüməçilərin rus dilini mükəmməl bilmədikləri ilə izah edib.

Məhkəmə heyətinin qərarı ilə etiraz qəbul olunub.

Hakim Ə.Hacıyev bildirib ki, məhkəmə prosesində avqust ayının 13-ə kimi fasilə elan olunub.

Qaynar.info