Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Qaynarinfo.Az xəbər verir ki, hər iki ölkənin Müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını, əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini xüsusi qeyd edib.
Müdafiə naziri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini də qonaqların diqqətinə çatdırıb.
Ordu generalı S.Şoyqu öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.
Qaynarinfo.Az




