Foto 12:56 08.11.2022

“ZəfərimİZ” kampaniyasının yekun tədbirləri baş tutdu (FOTOLAR)

"Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən "ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər eyniadlı veloyürüş və konsert proqramı ilə başa çatıb. 

8 Noyabr - Zəfər Gününə həsr olunmuş "ZəfərimİZ” adlı veloyürüş Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi, Azarbaycan Velosiped Federasiyası, Səbail rayon Gənclər və İdman İdarəsi və "Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə baş tutub. 

Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, o cümlədən Azərbaycan milli komandasının üzvlərinin iştirak etdiyi veloyürüş "Azneft” dairəsindən start götürüb. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar. Daha sonra yürüş iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Kampaniyanın yekun tədbiri - Zəfər Gününə həsr olunmuş "ZəfərimİZ" adlı konsert proqramı isə "Davam” Gənclər Hərəkatı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və "Parlaq” Yaradıcı Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Yaradıcı gənclərdən ibarət  ifaçıların iştirakı ilə keçirilən konsert zamanı müxtəlif janrlarda musiqi və ifalar səsləndirilib, vətənpərvərlik ruhunda mahnılara xüsusi yer verilib.

Qeyd edək ki, "ZəfərimİZ” kampaniyası ümumilikdə 5000-dən çox gənci əhatə edib.