Dünya 15:11 20.05.2022

Zelenski 100 adam içində ilin ən nüfuzlu adamı seçildi (VİDEO)

ABŞ-ın "Time” nəşrinin oxucularının fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski ilin ən nüfuzlu adamıdır. İkinci yerdə Tesla və SpaceX-in baş direktoru İlon Mask, üçüncü yerdə isə Böyük Britaniyanın baş naziri Boris Conson qərarlaşıb.

"Time” nəşrinə görə, Zelenski 3,3 milyondan çox səs qazanıb ki, bu da bütün səslərin 5%-ni təşkil edir.

Nəşr 2022-ci ilin ən nüfuzlu 100 adamını müəyyən etmək üçün oxucular arasında illik sorğu keçirib. Zelenski birinci yeri tutub.

"Fevral ayında Rusiya qoşunları Ukraynaya genişmiqyaslı işğala başlayanda 2019-cu ildə Ukrayna prezidenti seçilməzdən əvvəl heç bir siyasi təcrübəsi olmayan komediya ustası Zelenski dünya səhnəsinə çıxıb və liderləri Ukraynaya dəstək olmaq üçün bir araya toplayıb” – nəşrin məqaləsində qeyd edilir.

Oxucuların səsverməsinin nəticələrinə görə, ikinci yeri Tesla və SpaceX-in baş direktoru İlon Mask tutub. O, 3,5% səs toplayıb. Keçən il o, bu reytinqdə birinci yeri tutsa da, indi Zelenski onu qabaqlayıb. Boris Conson 3,4% səslə üçüncü olub.

Dördüncü yeri koronavirusla mübarizədə dünyaya kömək edən tibb işçiləri tutub. ABŞ prezidenti Co Bayden isə nəşrin oxucularına görə, ilin ən nüfuzlu adamları reytinqində beşinci yeri tutub. O, 3,1 faiz səs toplayıb.

2022-ci ilin ən nüfuzlu adamlarının yekun siyahısı mayın 23-də açıqlanacaq, nəşrin redaktorları hələ səsvermədə iştirak etmədiyi üçün nəticələr dəyişə bilər.

Bu arada ”Current time” Volodimir Zelenski (2019-cu il) və Vladimir Putinin (2018-ci il) inauqurasiya mərasimlərindən qısa videoçarx hazırlayıb. İki mərasim həqiqətən də inanılmaz dərəcədə bir-birindən fərqlənir.
 
Nizami Bağırov