Dünya 13:18 04.10.2022

Zelenski “Azovstal”la bağlı Türkiyədən görüntülər yaydı (VİDEO)

Ukrayna prezidenti Volodimir Zelenski "Azovstal” zavodunun müdafiəsindən sonra rus əsirliyindən qayıdan ukraynalı hərbçilərin Türkiyədə ailələri ilə ilk görüşünün videosunu yayıb. Video Telegram kanalında yerləşdirilib.

"Bütün insanlarımızı evə qaytarana qədər dayanmayacağıq. Hamısı bizə vacibdir. Çünki biz ukraynalıyıq. İnsan isə Ukrayna üçün ən yüksək dəyərdir”.

Sentyabrın 22-də məlum olub ki, Rusiya prezidenti Vladimir Putinin qohumu Viktor Medvedçuk (Putin Medvedçukun uşağının xaç atasıdır – red.) ukraynalı hərbi əsirlərlə, o cümlədən Azov alayının komandiri Denis Prokopenko ilə dəyişdirilib. Prokopenkodan başqa, onun müavini Svyatoslav Palamar "Kalina", Ukrayna Silahlı Qüvvələrinin 36-cı Dəniz Briqadasının komandiri Sergey Volınski "Volına", həmçinin fotoqraf və Azov döyüşçüsü Dmitri Kozatski azad edilib. Ümumilikdə 215 ukraynalı müdafiəçi vətənə qayıdıb.

May ayında Azovstalı müdafiə edən 2,5 min ukraynalı əsgər təslim olub. İyunun 7-də TASS onların mindən çoxunun araşdırma üçün Rusiyaya göndərildiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski onların həyatını xilas etməyin mümkün olacağına ümid etdiyini bildirib: 
"Vurğulamaq istəyirəm ki, Ukraynaya sağ ukraynalı qəhrəmanlar lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, hər bir adekvat insan bu sözləri başa düşəcək”.

Nizami Bağırov