Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər ABŞ Prezidenti Donald Tramp onu yenidən "həqiqi problemlərin həlli" üçün görüşə dəvət edərsə, bu görüşə hazırdır.
Qaynarinfo xəbər verir ki, Zelenski Londonda təhlükəsizlik məsələləri üzrə Avropa liderlərinin sammitində iştirak etdikdən sonra bu barədə danışıb.
"Biz bərabərhüquqlu dialoqa layiqik... (Əgər ABŞ prezidenti dəvət edərsə – red.) konstruktiv dialoq, həqiqi problemlərin həlli, ciddi məsələlər və real, qətiyyətli addımlar və cavablar üçün – gələcəyəm", - o deyib.
Bloomberg yazır ki, "Zelenski fevralın 28-də Ağ Evdə Tramp və vitse-prezident Cey Di Vens ilə mübahisədən sonra sözlərini diqqətlə seçib".
Ukrayna Prezidenti bildirib ki, bu söhbətin açıq şəkildə keçirilməsi nə ABŞ, nə də Ukrayna üçün müsbət olub.
Nəşr həmçinin vurğulayır ki, Zelenski Londonda jurnalistin ingilis dilinə keçmək xahişini rədd edib ki, fikirlərinin səhv yozulmasının qarşısını alsın.
"Mən əminəm ki, bu vəziyyət keçəcək və qarşıda daha vacib məsələlər var", deyə Ukrayna Prezidenti bildirib.
O əlavə edib ki, Ukrayna keçən həftə dayandırılmış faydalı qazıntıların hasilatına dair sazişi imzalamağa hazırdır. Xüsusilə, bu sazişi nazirlər imzalaya bilər.
Bloomberg yazır ki, Zelenski Ukraynanın ABŞ-ın dəstəyindən asılı olduğunu qəbul etsə və Trampa, ABŞ-ın hər iki əsas siyasi partiyasına və bütövlükdə ABŞ-a hörmətini ifadə etsə də, üzr istəməkdən yayınıb.
"Mən ABŞ ilə istənilən formatda konstruktiv münasibətlərə hazıram", deyə Zelenski bildirib.
Nəşr qeyd edir ki, Ukrayna Prezidenti "öz ölkəsinin və xalqının ləyaqətini müdafiə etmək hüququnu qoruyub və tərəfdaşları Rusiyanın üç il əvvəlki işğalından sonra Ukraynanın üzləşdiyi əzabları başa düşməyə çağırıb".
Alpər
Şərhlər