Dünya 18:29 01.08.2022

Zelenski və Makron nə danışdı?

Bazar ertəsi, avqustun 1-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Danışıqlar saat yarım davam edib.

Qaynarinfo bu barədə Ukrayna prezidentin saytına istinadən xəbər verir.

"Biz əsl terror dövlətinə qarşı müharibə aparırıq. Rusiyanın Olenivkada ukraynalı hərbi əsirlərin kinli şəkildə məhv edilməsini planlaşdırması buna sübutdur", deyə Zelenski bildirib.

Dövlət başçıları təhlükəsizlik məsələlərinə dair əməkdaşlığı da müzakirə ediblər. Ukrayna Prezidenti Fransanın yeni müasir silahların tədarükü ilə bağlı qəbul etdiyi qərarları, eləcə də müdafiəyə göstərilən yardımı qeyd edib. Ukraynaya makromaliyyə dəstəyi məsələsi ayrıca müzakirə olunub

Zelenski və Makron Rusiya Federasiyasının Ukraynada törətməkdə davam etdiyi hərbi cinayətlər məsələsinə toxunublar.

"Bütün günahkarlar cəzalandırılmalıdır. Bu, bizim prinsipial mövqeyimizdir", deyə Ukrayna prezidenti vurğulayıb.

Qeyd edək ki, Zelenski və Makron sonuncunun iyunun 16-da Ukraynaya səfəri zamanı şəxsən görüşüblər.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Afrika ölkələrini Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqelərinə yenidən baxmağa və təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Nizami Bağırov