Xəbər lenti

Zəngilan qaçqını intihar anonsu verdi
Ölkə14:24 12.03.2014

Zəngilan qaçqını intihar anonsu verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sürəyya Ballıyeva: “Belə əzabla yaşamaqdansa, ölüm yaxşıdır”

Bu gün günorta saatlarında Zəngilan rayonundan olan məcburi köçkün ailəsi müvəqqəti məskunlaşdığı Neft Akademiyasının yataqxanasından zorla çıxarılıb. Bu barədə “Yeni Müsavat” qəzetinə yataqxanadan çıxarılan ailənin üzvü Ballıyeva Sürəyya Surxay qızı məlumat verib.

O, bildirib ki, məcburi köçkünlər üçün tikilən binalarda növbəyə yazılıblar: “2 il bundan əvvəl bizi siyahıya aldılar. Dedilər ki, məcburi köçkünlər üçün binalar tikilən kimi ora köçürüləcəksiniz. İndi isə başımıza bu müsibəti gətirdilər”.    

Onun sözlərinə görə, yaşadıqları ünvandan çıxarılacaqları ilə bağlı əvvəldən onlara xəbərdarlıq edilməyib: “Heç bir əsas olmadan yaşadığımız ünvandan çıxarıldıq. Əşyalarımızı belə, götürməyə imkan vermədilər. Əvvəldən bizə xəbərdarlıq edilməli idi. Həyat yoldaşım onlara öz etirazını bildirdi. Onlar isə bizə yuxarıdan tapşırıq gəlib, dedilər. Başqa yaşayış yerimiz olmadığına görə, “Bizə başqa ev verilməyəcəyi təqdirdə, çıxmayacağıq” söylədik. Onlar isə ərimin qoluna zorla qandal vuraraq, naməlum istiqamətə apardılar. Hara aparıldığı hələ də məlum deyil”.

Şikayətçi onu da bildirdi ki, problemi həll olmasa, Prezident Aparatının qarşısında həyatına qəsd edəcək: “4 övladımla küçələrdə qaldım. Bu axşam harada qalacağımı belə, bilmirəm. Başda “Qaçqınkom”un sədri Əli Həsənov olmaqla, bütün dövlət qurumlarına müraciət edirəm. Mənim dərdimə çarə tapsınlar. Problemlərim düzəlməsə, övladlarımı və özümü Prezident Aparatının qarşısında yandıracam. Belə əzablı yaşamaqdansa, ölüm yaxşıdır. Ölkənin prezidenti görəsən, hara baxır? Bu qədər özbaşnalıqdan xəbəri yoxdur? Biz belə bir müsibəti 1993-cü ildə yaşadıq. Onda bilirdik ki, düşməndir. Amma indi bunlara ad vermək mümkün deyil. 4 azyaşlı uşağı küçələrə salan insanların ermənilərdən bir fərqini görmürəm”.  

Qaynar.info