
Hərbi ekspert Üzeyir Cəfərov ölkədən qaçdığı iddia olunan general Bağır Fətullayevlə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatlara münasibət bildirib.
Qaynar.info xəbər verir ki, hərbi ekspert şəxsi "Facebook" səhifəsində yazdığı statusda sözügedən nazirliyi yalan məlumat yaymaqda suçlayıb:
Əziz dostlarım və həmfikirlərim. Müdafiə Nazirliyinin Rusiyaya qaçan general Bağır Fətullayevlə bağlı tirajlamaq istədiyi dünənki ağ, məsuliyyətsiz yalanından sonra mən özümə söz vermişəm ki, bu davamlı yalanları danışanları və Azərbaycan xalqını aldadan şəxsləri, kimliyindən asılı olmayaraq yerindəcə ifşa etmək lazımdır. İndi MN-nin rəhbər şəxslərindən birinin iddiası və mən deyərdim ki, hikkəsi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məhkəməyə verməsi haqqında xəbər verilir. Əgər bu, həqiqətən də, dövlətçilik və Silahlı Qüvvələr naminə atılan addım olsaydı, bunu alqışlayanlardan biri və birincisi mən olardım.
Ortaya sual çıxır: bu illər ərzində bu qədər torpaq və mənzil fondu olan Müdafiə Nazirliyinin ərazilərini kim və kimlər mülki şəxslərə və təşkilatlara veriblər? Kim də bilməsə, bu sətirlərin müəllifi kimi mən Zaqafqaziya Hərbi Dairəsinin gündəlik "Leninskoye Znamya" qəzetinin Azərbaycan üzrə müxbir məntəqəsinin rəisi kimi tam məlumatlıyam ki, SSRİ dağılandan sonra ölkəmizin Silahlı Qüvvələrinə nə qədər mənzil və torpaq fondları qalmışdır. O torpaq sahələri daha kimlərə satılmadı. Sayı-hesabı bəlkə də 3 Azərbaycan Ordusuna kifayət edə bilən mənzil fondundan kimlər varlanmadı?
Bu yaxınlarda mənim ünvanıma sifarişli "daş atan" sabiq nazir müavini polkovnik Ayaz Məmmədov, MN-nin Mənzil İstismar İdarəsinin neçe-neçə rəisləri - polkovnik Mehman Hacıəliyev, polkovnik-leytenant Yusif Vəzirov, qarnizon rəisləri kimi general-mayor Məmməd Beydullayev, hazırda nazir müavini olan general-leytenant Çingiz Məmmədov və onlarla digər vəzifəlilər. Mən ona görə bu adamların adını yazıram ki, mənzil və torpaqla bağlı bütün mühüm sənədlərdə məhz bu şəxslərin adları və imzaları durur. Mənə deyə bilərlər ki, sabiq müdafiə naziri kimi Səfər Əbiyevin və 20 ildir Baş Qərargah rəisi kimi varlığı ilə yoxluğu bilinməyən Nəcməddin Sadıkovun adları bəs niyə yoxdur.
Bu xəbərdə çox incə və mən deyərdim ki, bir qədər də kişilik, etika və zabit şərəfi anlayışları ilə bağlı məqam olduğuna görə, bu məsələ haqqında bir qədər də qaranlıq mətləblərin üzərinə işıq salmaq istəyirəm. Hərçənd ki, rəsmilər qeyd edirlər ki, əvvəllər Müdafiə Nazirliyinin balansında olan və sonradan Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı Dövlət Komitəsinə müraciətindən gedir.
Əslində isə ortada daha çox sabiq müdafiə naziri Səfər Əbiyevin "Salyan Kazarması" deyilən ərazidə bir vaxtlar müdafiə nazirləri üçün xidməti yaşayış binası olan, sonradan isə sabiq müdafiə naziri tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı və icazəsi ilə özəlləşdirilmiş torpaq sahəsindən və mənzil fondundan gedir.
Sadə dillə desək, həmən ərazidə sabiq müdafiə naziri ilə qonşuluqda yaşayan MN-nin rəhbər şəxslərindən biri indi bir növ guya qisas alırmış kimi bu ideyanı ortalığa atıb. Adamdan soruşarlar ki, ay "cəfakeş və vətənpərvər" general, sən ki, iki on illik müddətdir ki, MN sistemində rəhbər vəzifəsindəsən, nə əcəb indiyə kimi səsin çıxmırdı? İraqın Azərbaycandakı səfirliyi hansı generala, yaxud onun biznesini fırladan şəxs(lər)ə məxsus binada məskunlaşıb və o binanın icarəsinə görə ödənilən milyon manatlar kimlərin cibinə axır?
Mən çox istərdim ki, RF-nın Podolsk şəhərindəki Mərkəzi Arxivdən SSRİ dağılarkən Azərbaycan Müdafiə Nazirliyinə Aktla təhvil verilmiş mənzil fondunun və torpaq sahələrinin ümumi həcminin rəsmi statistikası götürülsün və hərtərəfli yoxlanılsın. Onda ortalığa elə bir mənzərə çıxar ki, bir vaxtlar MN-nin balansıdan olan torpaq sahələrində Silahlı Qüvvələrə qətiyyən aidiyyatı olmayan saysız-hesabsız ticarət obyektləri, xarici ölkələrin diplomatik nümayəndəlikləri, səfirliklər, səfirlərin rezidensiyaları (bu haqda yaxın günlərdə daha ətraflı) və daha nələr və nələr yerləşirlər. Şəxsən mənə çox maraqlıdır ki, o torpaq sahələrinin imkanlı şəxslərə satılmasından dövlətə nə qədər vəsait çatıb?".
Qaynar.info