Xəbər lenti

NATO Ukraynaya qoşun göndərə bilərmi? (ŞƏRH)
Dünya 13:16 27.02.2024

NATO Ukraynaya qoşun göndərə bilərmi? (ŞƏRH)

"Makron Rusiyaya qarşı ciddi təsir üsulu tapa bilmədiyindən, NATO qoşunlarının Ukraynaya yeridilə biləcəyi kimi absurd versiyanı ortaya atır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilə biləcəyilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

Politoloq bildirib ki, Makron Ukraynaya yardım etmək üçün o ölkəyə qoşun göndərmək barədə qərar qəbul etmək səlahiyyətlərinə malik deyil:

"Onun NATO adından danışması və belə proqnoz verməsi heç bir məntiqə sığmır. Çünki NATO-da ciddi qərarlar qəbul olunan zaman bütün üzv ölkələrin razılığı lazımdır və xüsusən də bu məsələdə ABŞ ciddi şəkildə maraqlı olmalıdır. Çünki ABŞ-ın bu məsələdə rəyi həlledici rol oynayır. İndiki halda isə ABŞ Rusiyaya qarşı vuruşmaq üçün NATO-nun qoşunundan istifadə etməkdə maraqlı deyil. Belə olan halda Fransanın heç Avropa ölkələri adından danışmağa da səlahiyyəti yoxdur".
 


Həmsöhbətimizə görə, Makron sadəcə müharibənin gedişindən narahat olduğundan Ukraynaya NATO qüvvələrinin göndərilməsi versiyasını gündəmə atıb: 

"Görünən odur ki, Rusiya-Ukrayna müharibəsinin Moskvanın üstünlüyü ilə bitəcəyi ehtimalı belə Makronu narahat edir. Düşünürəm ki, Makron və  Avropanın digər rəhbərləri Rusiyaya qarşı tədbirlər planının bitməsi ilə qarşı-qarşıyadır. Onlar artıq ciddi təsir üsulu tapa bilmir. Ona görə də NATO  qoşunlarının yeridilə biləcəyi versiyasını ortaya atırlar. Rusiya isə cəbhədə üstünlüyü ələ almaqda davam edir. Makronun yaxın gələcəkdə Ukraynaya qoşun göndərmək ehtimalı olduqca zəifdir. Çünki bu həm də 3-cü dünya və nüvə müharibəsi demək olardı". 

Qeyd edək ki, mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya kömək üçün qoşun göndərilə biləcəyi versiyasından danışıb:

"Ola bilər ki, Şimali Atlantika Alyansı Ukraynaya kömək üçün qoşun göndərsin. Amma hələlik bu məsələdə konsensus yoxdur. Gələcəkdə Qərb  qoşunlarının yerləşdirilməsi istisna oluna bilməz, lakin bu gün qoşunların yeridilməsinə dair rəsmi, qəbul edilmiş və təsdiqlənmiş konsensus yoxdur”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->