Siyasət 13:44 02.07.2022

Vyanada mühüm görüş: Türkiyə və Ermənistan arasında danışıqlar başladı (ŞƏRH)

Xarici mətbuatın yazdığına görə, Vyanada Türkiyə və Ermənistan arasında danışıqlar gedr. Türkiyəni səfir Serdar Kılıç və Ermənistanı ölkə parlamentinin sədr müavini Ruben Rubinyan təmsil edir. 

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər. Həmçinin görüşdə Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə anlaşma əldə edilib. Vyanada ilkin şərt olmadan danışıqların davam etdirilməsi ilə bağlı konsensus əldə olunub. 

Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən siyasi ekspert Əli Mustafayev bildirib ki, Avropaya yaxınlaşmaq yolunu tutan İrəvanın məqsədinə nail olmaq üçün Ankara ilə barışmaqdan başqa çıxış yolu qalmayıb:

"Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ideyası uzun müddətdir gündəmdədir. Hətta regionda 6 dövlətin əməkdaşlıq müstəvisinin qurulması müzakirə predmetidir. Bütün bunlar Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına xidmət edir. Ermənistan Avropa İttifaqına yaxınlaşmağa, Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışır. Düzdür, ermənilərin hiləgərliyini nəzərə alsaq, bu, bir qədər təbəddülatlı görünür. Ancaq ermənilər perspektiv inkişafı Avropa ilə yaxınlaşmaqda görürlər. Rusiya zəifləyən kimi, Ermənistan açıq formada Avropaya doğru üz tutacaq. Ona görə də Ermənistan anlayır ki, Avropa ilə yaxınlaşmaq üçün Türkiyə ilə əməkdaşlıq qaçılmazdır”. 

Əli Mustafayev qeyd edir ki, Ankara da 85 milyonluq Türkiyə ilə 3 milyonluq Ermənistanın əməkdaşlığının, bütün hallarda güclünün xeyrinə olacağını anlayır:

"Regionda sülhü təhdid edən qüvvə Rusiyadır. Rusiyanın regiondan getməsi ilə bölgəyə sülh gəlir. Ermənilərdən maşa kimi istifadə edən dövlət də Rusiyadır. Bu baxımdan hesab edirəm ki, Türkiyə və Rusiyanın sərhəd məsələsində anlaşması müsbət perspektivlər vəd edir”. 

Ekspert bildirir ki, Türkiyə bu istiqamətdə atdığı addımlar zamanı Azərbaycanın da maraqlarını nəzərə alır:

"Region ölkələri ilə əməkdaşlıq dönəmi başlayır. Belə siyasət erməniləri təcriddən xilas edə bilər. Ermənilər anlayırlar ki, Türkiyə və Azərbaycanla əməkdaşlıq olmadan inkişaf mümkünsüzdür. Bu, həm də region ölkələrin sosial-iqtisadi inkişafına müsbət təsir edəcək”. 

Rüfət Sultan