Aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli kreditlərin verilməsi üçün müraciətin son vaxtı bu gün olsa da, iyunun 25-nə kimi uzadılıb. Yəni təhsil haqqını güzəştli kredit vasitəsi ilə ödəmək istəyən tələbələr bundan sonra hələ 10 gün ərzində müraciət edə bilərlər.
Lakin ərizələrin verilməsi prosesində hazırda 1-ci kursda oxuyan tələbələr problemlə üzləşib.
Yəni kredit üçün onlayn müraciət zamanı tələbə ümumi orta müvəffəqiyyət balını qeyd etməlidir. Onu hesablamaq üçün isə, bütün imtahan verilən fənnlər üzrə ballar toplanaraq, imtahan sayına bölünməlidir.
Gulnarın imtahanı isə ayın 29-u olduğundan, bu, praktiki olaraq mümkün deyil.
Məsələni Maarifçi Tələbə Kredit Fondu ilə araşdırdıq. Fondun icraçı direktoru Rüfət Mahmudun sözlərinə görə, məsələ ilə bağlı narahatçılığa əsas yoxdur. 1-ci kurs tələbələri üçün də imkan yaradılacaq.
Rüfət Mahmudun sözlərinə görə, indiyə qədər artıq 100-ə yaxın şəxs tələbə krediti üçün müraciət edib. Müsbət nəticə əldə etmək üçün isə, tələbələr qoyulan şərtlərə cavab verməlidir.
Xatırladaq ki, kredit üçün hələlik yalnız fondun təsisçiləri olan 10 ali təhsil müəssisəsinin - Azərbaycan Dillər Universiteti, Pedaqoji Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitet, İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət və Sumqayıt Dövlət universitetlərinin tələbələri müraciət edə bilər.
Qaynarinfo.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.