10 Avropa ölkəsində aparılan sorğular ictimaiyyətin diqqətinin getdikcə daha çox döyüş meydanından yaşayış qiymətlərinə yönəldiyini göstərir.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Rusiyaya münasibətin dəyişməsi ilə bağlı Avropa əhalisi arasında apardığı sorğunun nəticəsi
deyir.
10 Avropa ölkəsində aparılan sorğular münaqişənin tezliklə sona çatmasını istəyənlərlə Rusiyanın cəzalandırılmasını istəyənlər arasında uçurumun genişləndiyini, ictimaiyyətin diqqətinin getdikcə daha çox döyüş meydanından dolanışığa yönəldiyini göstərir.
AB-nin doqquz üzv ölkəsində - Finlandiya, Fransa, Almaniya, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyada aparılan sorğu Ukraynaya dəstəyinin yüksək olaraq qaldığını, lakin diqqətlərin münaqişənin daha geniş təsirlərinə keçdiyini müəyyənləşdirib.
"Avropalılar indiyədək birlikləri ilə Putini və özlərini təəccübləndiriblər, lakin indi qarşıdan böyük streslər gəlir",- Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Rusiyanın işğalına münasibətin dəyişməsi ilə bağlı sorğunun həmmüəllifi Mark Leonard deyir.
Hökumətlərin potensial zərərli siyasətlərə ictimai dəstəyi saxlamaq qabiliyyətinin çox vacib olacağını söyləyən Leonard "sülh" və "ədalət" düşərgələri arasındakı uçurumun "avro böhranı zamanı kreditorlar və borclular arasında olduğu qədər zərərli" ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sorğu göstərir ki, Ukraynanın AB-yə qoşulmaq istəyinə və Qərbin Moskva ilə əlaqələri kəsmək siyasətinə bütün Avropada güclü dəstək olmasına baxmayaraq, Avropadakı bir çox seçici müharibənin mümkün qədər tez bitməsini istəyir - hətta bu, Ukraynanın ərazilərini itirməsi anlamına gəlsə belə.
Aprelin 28-dən mayın 11-dək keçirilən sorğuda 10 ölkədə respondentlərin 73%-i müharibədə Rusiyanı günahlandırıb.
Polşa, İsveçdə 80%-dən çoxu, Böyük Britaniya (83%), Finlandiyada (90%), İtaliyada (56%), Fransada (62%) və Almaniyada (66%) Rusiyanın məsuliyyət daşıdığını bildirib.
Sorğu həmçinin onu göstərir ki, Rusiya ilə əlaqələrin kəsilməsinə güclü dəstək var. 10 ölkədə əksəriyyət hökumətlərin Moskva ilə iqtisadi və mədəni əlaqələri kəsməli olduğunu düşünür, Polşada 71%-ə yaxın insan həm də Rusiya ilə diplomatik əlaqələrin dayandırılmasının tərəfdarıdır.
Eynilə, 10 ölkədə 58% – Finlandiyada bu rəqəm 77%-ə yüksəlib – əhali AB-nin hətta blokun iqlim hədəfləri hesabına Rusiya enerjisindən asılılığını azaltmalı olduğunu düşünür və AB-nin neft də daxil olmaqla sanksiyalarının yeni mərhələsinə ictimai dəstək ifadə edir.
Lakin ECFR-nin sorğusu mümkün qədər tez sülh istəyən avropalılarla (10 ölkədə 35%) Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və Rusiyanı məsuliyyətə cəlb etməklə ədaləti bərpa etmək istəyənlər (22%) arasında aydın fərqi göstərib.
"Müharibə ilə bağlı onları ən çox nə narahat edir” sualına Almaniya, İtaliya və Fransadakı respondentlər yaşayış və enerji qiymətləri, İsveç, Böyük Britaniya və Polşadakı respondentləri isə nüvə müharibəsi təhlükəsi cavabını verib.
Nurlan