Müasir beyin cərrahiyyəsinin banisi hesab edilən və "100 ilin beyin cərrahı" fəxri adı ilə tanınan professor türkiyəli Qazi Yaşargil 100 yaşında vəfat edib. O, XX əsrin ən mühüm beyin cərrahlarından biri kimi qiymətləndirilirdi.
Qaynarinfo xəbər verir ki, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Amerika Beyin Cərrahları Birliyi tərəfindən "100 ilin beyin cərrahı" seçilən professor Yaşargilin vəfat etdiyini sosial media hesabından açıqlayıb. O, paylaşımında bu sözləri qeyd edib:
"Öz sahəsində apardığı bənzərsiz işlərlə "100 ilin ən yaxşı beyin cərrahı" seçilən professor Qazi Yaşargil hocamızın vəfatını böyük kədərlə öyrəndim. Elmə həsr etdiyi və bir əsrə yaxın ömrü ərzində hər birimiz üçün nümunə olacaq çoxsaylı işlərə imza atmışdı. Onun xatirəsini yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Məkanı cənnət, məqamı ali olsun".
Yeditepe Universitetindən yayımlanan açıqlamada isə bildirilib:
"Mikroneyrocərrahiyyənin qurucusu, neyrocərrahiyyə sahəsində inqilabi işləri ilə tibb tarixinə qızıl hərflərlə adını yazdıran, XX əsrin ən önəmli beyin cərrahlarından biri olan, Yeditepe Universiteti Tibb Fakültəsinin Beyin və sinir cərrahiyyəsi kafedrasının dəyərli akademiki, Yeditepe Universiteti xəstəxanalarının hörmətli cərrahı, professor Qazi Yaşargilin vəfatını dərin hüznlə öyrəndik".
Açıqlamada həmçinin qeyd olunub ki, o, yalnız elmi nailiyyətləri ilə deyil, yetişdirdiyi tələbələr və insanlara göstərdiyi mərhəmətli yanaşması ilə də yadda qalıb. Yaşargil, həyatını elmə, insanlığa və gənc beyin cərrahlarının yetişməsinə həsr edib, yazdığı elmi məqalələr, aldığı beynəlxalq mükafatlar və yaratdığı mikrocərrahiyyə texnikaları ilə bir məktəb qurub. Onun mirası təkcə tibb sahəsinə deyil, müasir tibb tarixinin formalaşmasına töhfə verib.
Açıqlamanın sonunda "Allah rəhmət eləsin, başda dəyərli həyat yoldaşı Dianne Yaşargil olmaqla, bütün ailəsinə, sevənlərinə və tibb camiəsinə başsağlığı veririk"ifadələrinə yer verilib.
Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də sosial media hesabından başsağlığı verərək bildirib:
"100 ilin ən yaxşı beyin cərrahı", dünya miqyasında hörmətlə qarşılanan tibb alimi, ölkəmizin yetişdirdiyi ən dəyərli elm insanlarından biri olan hörmətli professor Qazi Yaşargilin vəfatını dərin bir təəssüf hissi ilə öyrəndim. Professor Yaşargil yalnız həkimlik sahəsində deyil, elmi işləri, yetişdirdiyi tələbələri və insanlığa göstərdiyi xidmətlərlə Türk tibb dünyasının qüruru olmuşdur. O, ölkəmizi beynəlxalq elmi dairələrdə ən yüksək səviyyədə təmsil etmiş, əsərləri və öncülük etdiyi metodlarla bir çox həyatın xilasına səbəb olmuşdur. Azmi, zəkanı və insanlığa həsr etdiyi həyatı gələcək nəsillər üçün ilham mənbəyi olaraq qalacaq. Onun mirası təkcə tibbdə deyil, elmə və millətə bağlılığın ən uca nümunəsi kimi yaşayacaq. Millətimizin başı sağ olsun. Ruhu şad, məkanı cənnət olsun".
Gənclərə çağırışı
Yeditepe Universitetinin akademik heyətinə qatılan professor Yaşargil bu münasibətlə təşkil olunan mərasimdə gənclərə səslənərək "Özünüzdən qorxmayın, yaradıcı olmağa çalışın. Görüləcək çox iş var" demişdi.
İrəliləmiş yaşına baxmayaraq, hələ də əməliyyatlara qatıldığını və yaddaş problemi yaşamadığını bildirən Yaşargil bəzi gecələr yatmadığını, bəzən iki əməliyyat arasında sadəcə bir alma ilə günü keçirdiyini söyləmişdi. Heç vaxt tətil etmədiyini, tətil anlayışının yalnız konqreslər üçün getdiyi şəhərlərdə muzeyləri bir neçə saatlıq gəzmək olduğunu vurğulayıb.
Yaşargil, insanların 120 yaşına qədər yaşamasının mümkün olduğunu deyərək əlavə etmişdi:
"Bioloqların dediyinə görə, xromosomlarımızın ucunda kiçik bir hissəcik var və o, bizim həyatımızı davam etdirir. Yaşlandıqca o hissəcik kiçilir. Ona "telemetrik" deyirlər. Hər bir insanın 120 yaşına qədər sağlam yaşaması mümkündür. Məncə, iqtisadi baxımdan inkişaf etmiş ölkələr bu mövzuda işləyir. Əslində 120 deyil, daha uzun yaşamaq istəyirlər. Mənim düşüncəmlə, insan həm bədənən, həm də zehni baxımdan 120 yaşına qədər sağlam qala bilər".
Professor Qazi Yaşargil kimdir?
O, 6 iyul 1925-ci ildə Diyarbəkirin Licə rayonunda anadan olub. Ankara Atatürk Liseyində orta təhsilini başa vurub, Ankara Universitetinə daxil olub. 1944-cü ildə Almaniyadakı Friedrich Schiller Universitetində təhsilini davam etdirib. 1945-ci ildə İsveçrədəki Basel Universitetinə keçib və 1950-ci ildə burada doktorluq dərəcəsini alıb. Sonradan Bern Universitetində psixiatriya bölməsində assistent professor kimi fəaliyyət göstərib. Daha sonra Basel Universitetində neyrocərrahiyyə bölməsində çalışıb. 1957–1965-ci illər arasında Sürix Universitet Xəstəxanasında çalışıb və 1965-ci ildə assistent professor olub. 1965–1967-ci illərdə ABŞ-ın Vermont ştatında yerləşən Vermont Universitetində professor Peardon Donaghy ilə birlikdə mikrovaskulyar cərrahiyyə sahəsində çalışıb. Avrasiya Akademiyasının qurucu üzvlərindən biridir.
Aydın
Şərhlər