Türkiyənin Isparta vilayətinin Yalvaç rayonunda yerləşən Men Müqəddəs Məkanında 113 il əvvəl aparılan qazıntılar zamanı aşkarlanan və uzun illər müxtəlif ehtimallarla əlaqələndirilən qədim məbədin sirrinə aydınlıq gətirilib. Son araşdırmalar nəticəsində tikilinin Hekate ilahəsinə aid olduğu elmi şəkildə təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, qazıntı işlərinin rəhbəri, Mehmet Özhanlı bildirib ki, bu kəşf Anadolu arxeologiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Gemen dağında, Ay tanrısı Menin şərəfinə salınmış müqəddəs məkanda 1912–1913-cü illərdə aparılan qazıntılar zamanı kiçik məbəd aşkarlanmışdı. Həmin dövrdə tikilinin qədim yunan mifologiyasında əkinçilik, bərəkət və məhsuldarlıq ilahəsi hesab olunan Demeteryə aid ola biləcəyi güman edilsə də, bu fikir heç vaxt tam təsdiqlənməmişdi. Buna görə də tikili uzun illər "Kiçik məbəd" adı ilə tanınıb.
Son illərdə aparılan arxeoloji tədqiqatlar zamanı aşkarlanan heykəlciklər və relyeflər isə məbədin Hekate kultuna məxsus olduğunu ortaya qoyub.
Mehmet Özhanlı bildirib ki, həm əvvəlki qazıntılar, həm də son tədqiqatlar zamanı Hekate təsvirlərinin tapılması, eləcə də məbədin Ay tanrısı Men kultu ilə əlaqəsi bu nəticəni təsdiqləyən əsas sübutlardır.
Arxeoloqun sözlərinə görə, Hekate qədim Anadolu mənşəli ilahələrdən biri hesab olunur. O, qədim yunan şairi Hesiodnin "Theogonia" əsərində də xatırlanır. Mifologiyada Hekate yerə, göyə və dənizə hökm edən, üç bədənli və üçbaşlı ilahə kimi təsvir edilir. O, həm Ayı, həm də Ayın qaranlıq tərəfini, ölüm və axirət aləmini simvolizə edir.
Mütəxəssislərin fikrincə, məhz buna görə Hekate məbədinin Men müqəddəs məkanında yerləşməsi Demeter kultundan daha məntiqli görünür.
Araşdırmalar zamanı əldə edilən digər tapıntılar da bu qənaəti gücləndirib. Belə ki, Pisidia Antiocheia qədim şəhəri ərazisində əvvəllər aşkar edilmiş iki qurbanlıq it məzarı Hekate kultunun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlardan biri hesab edilir. Mifologiyada Hekate yeraltı aləmin hakimi Hadesin məşhur iti Kerberosla əlaqələndirilir və itin onun müqəddəs heyvanı olduğu qəbul edilir.
Qazıntı rəhbərinin sözlərinə görə, məbədin əsas hissələri – giriş bölməsi, arxa hissəsi və müqəddəs otağı günümüzədək müəyyən dərəcədə qorunub. Burada ilahənin heykəlinin yerləşdiyi səkkizguşəli postament də aşkar edilib. Sonrakı dövrlərdə ərazinin xristianlaşdırılması zamanı tikili dağıdılıb, lakin onun memarlıq elementlərinin bir hissəsi qorunub saxlanılıb. Gələcəkdə həmin daşlardan istifadə edilməklə məbədin qismən bərpası planlaşdırılır.
Mehmet Özhanlı qeyd edib ki, hazırda Türkiyədə Hekate ilahəsinə aid olduğu dəqiq təsdiqlənmiş başqa məbəd məlum deyil. Onun fikrincə, bu kəşf Yalvaç və Antiocheia bölgəsinin turizm potensialının artmasına da mühüm töhfə verəcək.
Günay
Şərhlər