XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

15 ildən çox birlikdə: Şir, pələng və ayı necə ən yaxın dostlara çevrildi? (FOTO/VİDEO)
Dünya21:26 03.09.2026

15 ildən çox birlikdə: Şir, pələng və ayı necə ən yaxın dostlara çevrildi? (FOTO/VİDEO)

Qara ayı, Afrika şiri və Benqal pələngi qeyri-adi dostluqları sayəsində internet əfsanələrinə və Corciyadakı qoruğun ulduzlarına çevriliblər. Onlar “cəngəllik qanunu”nun heç də həmişə işləmədiyini nümayiş etdiriblər.

Qaynarinfo "ZME Science" nəşrinə istinadən xəbər verir ki, 2001-ci ildə qorxu içində olan üç bala – qara ayı Balu, Afrika şiri Leo və Benqal pələngi Şerxan – Atlantada narkotik alverçisinə məxsus evin zirzəmisində bir-birinə sığınmışdı. Həmin dəhşətli zirzəmidə onlar bir-birləri üçün yeganə təsəlli mənbəyi idilər.

Polis evə basqın etdikdə pələng Şerxanın vəziyyəti ağır idi. O, qida çatışmazlığından əziyyət çəkir və parazitlərə yoluxmuşdu. Şir Leo o qədər kiçik qəfəsdə saxlanılırdı ki, barmaqlıqlara sıxılmaqdan burnunda açıq yara yaranmışdı.

Ayı Balu isə, ehtimal ki, ən ağır vəziyyətdə idi. Kiçik olduğu vaxt ona taxılan qoşqu sonradan çıxarılmamışdı. Balu böyüdükcə bədəni qoşqunun ətrafında inkişaf edib, neylon kəmər isə dərisinə dərindən batmışdı.

Heyvanlar taqətdən düşmüşdülər, lakin onları xilas etmək mümkün olub. İlkin plan onları ayırmaq və hər birinə sakit həyat təmin etmək idi.

Ortaq travma heyvanları bir-birinə yaxınlaşdırdı

“Nuhun gəmisi” qoruğunun əməkdaşları heyvanları ayırmağa çalışanda tamamilə gözlənilməz hadisə baş verib – onlar yeməkdən imtina ediblər.

Üç heyvanın hamısı narahat olmağa başlayıb, vaxtaşırı bir-birinə tərəf çevrilərək hürürdülər. Bundan sonra qoruğun əməkdaşları zoologiyanın qəbul etdiyi qaydalara zidd qərar veriblər: ayı, şir və pələngi birlikdə saxlamağa davam ediblər.

Nəşrin yazdığına görə, bioloji baxımdan bu münasibətin uğurlu alınmaması gözlənilirdi. Pələnglər təkbaşına ov edən heyvanlardır, ayılar da əsasən tənha həyat sürür. Şirlər isə sosial heyvan olsalar da, adətən yalnız öz qohumları ilə birlikdə yaşayırlar.

Mütəxəssislər hesab edirlər ki, ortaq travma heyvanların beynində bir növ “yenidən proqramlaşdırma” yaradaraq qırılmaz bağ formalaşdırıb. Qorxunun yaratdığı kortizol səviyyəsinin yüksəlməsi digər iki heyvanın yanında olması sayəsində zəifləyib.

Onların sığınacaq tipli volyerində ziyarətçilər heyranlıqla Şerxanın – pusqu quraraq ov edən və insanlardan uzaq duran yırtıcının – başını mehribanlıqla Baluya söykədiyini müşahidə edirdilər. Leo isə heyvanlar aləminin “kralı” kimi mürgüləyir, Balu onun yalını səliqəyə salırdı.

Üçlük birlikdə yemək yeyir və tez-tez bir-birinin yanında yatırdı. Onlar bir-birlərinə qayğı göstərirdilər.

Travmatik uşaqlıq izlərini buraxdı

Üç heyvan sakit həyat sürürdü. Lakin travmatik uşaqlığın nəticələri illər sonra özünü göstərib. 2016-cı ilin avqustunda Leoda əməliyyat olunması mümkün olmayan qaraciyər şişləri aşkarlanıb. Bir neçə ay xəstəliklə mübarizədən sonra çətin qərar qəbul edilib və şirə evtanaziya tətbiq olunub.

Şir öldükdən sonra qoruğun əməkdaşları geridə qalan iki heyvanı diqqətlə izləyiblər. Şerxan və Balu vaxtlarının böyük hissəsini Leonun adətən yatdığı yerin yaxınlığında keçirir, lakin kədərli görünürdülər.

2018-ci ilin dekabrında isə pələng Şerxan qocalıq və səhhətinin pisləşməsi səbəbindən ölüb. O, Balu ilə birlikdə olduğu vaxt dünyasını dəyişib. Beləliklə, Balu həyatında ilk dəfə tamamilə tək qalıb.

Qoruq əməkdaşlarının narahatlığına baxmayaraq, Balu ruhdan düşməyib. O, daha təxminən yeddi il yaşayıb. Bu müddət ərzində ziyarətçilərlə görüşməyə davam edib və yaşlı ayılarda müşahidə olunan ağrılarla bağlı müalicə alıb.

2025-ci ilin yazında Balu nəzərəçarpacaq dərəcədə gücdən düşməyə başlayıb. Onun hərəkət qabiliyyəti pisləşib. Qoruğun komandası heyvana evtanaziya tətbiq etmək qərarına gəlib.

Nəşrin məlumatına görə, heyvanlar birlikdə dəfn ediliblər. Onların həyatının ilk illərini keçirdiyi qaranlıq zirzəmi isə bir-birlərinə bəxş etdikləri işıqla dolu 25 ilin kölgəsində uzaq keçmişin xatirəsinə çevrilib.

Aydın