20 il əvvəl İspaniyada yol kənarında cansız bədəni tapılan və kimliyi müəyyənləşdirilməyən "Çəhrayı qadın"ın sirri açılıb. Türkiyə polisinin milli verilənlər bazasında apardığı barmaq izi axtarışı nəticəsində qadının kimliyi müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, İnterpol İspaniyada 20 il əvvəl ölü tapılan qadının nəhayət kimliyinin müəyyən edildiyini açıqlayıb.
Hadisə 3 iyul 2005-ci ildə İspaniyanın Barselona şəhərinin Viladekans bölgəsində baş verib. Bir yol kənarında tapılan qadın cəsədi, üzərindəki çəhrayı rəngli üst paltar, şalvar və ayaqqabılara görə rəsmi şəxslər tərəfindən "La mujer de rosa" (Çəhrayı qadın) olaraq qeydə alınıb. İspan polisi ölüm səbəbinin şübhəli olduğunu və cəsədin tapılmazdan əvvəlki 12 saat ərzində başqa yerə daşındığını açıqlayıb. Ancaq illərlə davam edən araşdırmalara baxmayaraq, qadının kimliyini müəyyənləşdirmək olmayıb.
Problemləri aşa bilməyən İspaniya polisi 2023-cü ildə başladılan İnterpolun "Identify Me" (Kimliyimi müəyyənləşdir) kampaniyasına müraciət edib. İnterpol biometrik qeydləri üzv ölkələrlə paylaşıb. Aparılan axtarış nəticəsində kritik uyğunluq Türkiyənin milli barmaq izi verilənlər bazasından gəlib. Bu uyğunluq nəticəsində "Çəhrayı qadın"ın Rusiya vətəndaşı Lyudmila Zavada olduğu müəyyən edilib. DNA analizi və Zavadanın bir yaxını ilə edilən müqayisə ilə də nəticə təsdiqlənib.
Zavada "Identify Me" kampaniyası çərçivəsində kimliyi müəyyən edilən üçüncü qadın olub. Daha əvvəl kampaniya sayəsində 1992-ci ildə Belçikada öldürülən ingilis Rita Roberts və 2018-ci ildə İspaniyada tapılan paraqvaylı Ainoha İzaqa İbieta Limanın kimlikləri müəyyən edilmişdi.
Aydın
Şərhlər