Elmi araşdırmalar gündəlik atılan addımların miqdarının xəstəlik riski və ömür uzunluğu üçün böyük əhəmiyyət daşıdığını getdikcə daha çox təsdiqləyir. 10 000 addım gündəlik hədəf kimi tez-tez təqdim edilsə də, bu rəqəm ilk dəfə 1964-cü ildə Tokio Olimpiadası öncəsi Yaponiyada keçirilən marketinq kampaniyasından qaynaqlanır və elmi əsaslara söykənmir.
Qaynarinfo xəbər verir ki, "The Telegraph" nəşri mövcud elmi araşdırmaları təhlil edərək gün ərzində atılmalı olan optimal addım sayını müəyyən edib.
2000-3000 addım: ürək xəstəlikləri riskini azaltmaq üçün
111 000 nəfərin məlumatlarını əhatə edən və bu sahədə aparılmış ən genişmiqyaslı araşdırmalardan biri göstərib ki, gündəlik 2000-3000 addım sağlamlıq üçün minimal faydalı həddir.
Belə ki, gündə 2517-2735 addım atmaq, cəmi 2000 addım atanlarla müqayisədə ürək-damar xəstəlikləri riskini 11 faiz azaldır.
Sidney Universitetinin apardığı digər bir araşdırma da oxşar nəticələr verib. Təxminən 60 yaşlı 72 000 britaniyalının məlumatları əsasında aparılan bu tədqiqat göstərib ki, gündəlik 2200 addımı keçən hər bir fəaliyyət ürəyin sağlamlığına və ümumi ölüm riskinin azalmasına müsbət təsir göstərir.
4000 addım: demensiya riskini azaltmaq üçün
Yuxarıda adıçəkilən araşdırmaya görə, gündəlik 4000 addım xroniki xəstəliklərdən erkən ölüm riskini 20 faiz azalda bilər – xüsusilə orta yaşlı insanlar üçün.
40-79 yaş arasında 78 000 britaniyalının iştirak etdiyi digər bir araşdırma isə göstərib ki, gündəlik 3800 addım zehni qabiliyyətlərin qorunması üçün minimal fəaliyyətdir. Bu sayda addım atanların demensiyaya yaxalanma riski, daha az hərəkət edənlərlə müqayisədə 25 faiz aşağı olub.
7000 addım: depressiya riskini azaltmaq üçün
33 fərqli araşdırmadan ibarət yeni meta-analiz – təxminən 100 000 nəfərin məlumatları əsasında – gündə 7000 addım atan insanların depressiyaya yaxalanma riskinin 31 faiz azaldığını göstərib.
Eyni zamanda, gündəlik orta hesabla 7126 addım atan şəxslərdə ürək-damar xəstəlikləri riski 51 faiz azalıb – gündə cəmi 2000 addım atanlarla müqayisədə.
Niyə gündə 10 000 addım hədəfi?
Bəzi araşdırmalar göstərir ki, gündə 9800 addım demensiya riskini azaltmaq üçün "optimal doza" hesab olunur. Digər nəticələrə görə isə, 8800 addım atmaq müxtəlif xəstəliklərdən erkən ölüm riskini 60 faiz azaldır.
Arıqlamaq üçün gündə nə qədər addım atmaq lazımdır?
Arıqlamaq üçün əsas şərt kalori kəsiridir – təkcə addım sayını artırmaq kifayət etmir, həm də qəbul edilən qidaların miqdarı azaldılmalıdır. Araşdırmalar göstərir ki, gündə 10 000 addım arıqlamaq şansını artıra bilər, lakin burada ən önəmli məqam addım sayı deyil, fəaliyyətin intensivliyidir.
Yeriyərkən nə qədər kalori yandırılır?
Bu, əsasən bədən çəkisindən asılıdır. Çünki bədəndə nə qədər çox piy varsa, hərəkət zamanı daha çox enerji sərf olunur və nəticədə daha çox kalori yandırılır.
Aydın
Şərhlər