Ötən illərdə olduğu kimi 2022-ci ildə şou-biznesdə qalmaqalsız, səs-küysüz ötüşməyib.
Qaynarinfo axşam.az-a istinadən geridə qoyduğumuz bir il ərzində yaşanan ən səs-küylü hadisələri təqdim edir:
İlin ən səs-küylü hadisəsindən biri müğənni Manaf Ağayevlə bağlı olub. Sənətçi işğaldan azad edilmiş torpaqlara qanunsuz səfər edib və həmin videonu sosial şəbəkədə yayıb. Sənətçi həbs edilərək 15 sutka azadlıqdan məhrum olunmuşdu.
Bir müddət əvvəl həbs xəbəri ilə gündəmə gələn tanınmışlardan biri isə meyxanaçı Rəşad Dağlı olub. Rəşad qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Meyxanaçı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rəqqasə Fatimə Fətəliyeva ilə şair Nazilə Səfərli arasında böyük qalmaqal yaşanıb. Nazilənin sosial şəbəkədə yazdığı statusa əsəbiləşən Fatimə instaqramda canlı yayım açaraq onun ünvanına təhqirlər səsləndirib. Nəticədə Nazilə Fatiməni məhkəməyə verib. Hazırda isə məhkəmə prosesi davam edir.
İlin səs-küylü hadisələrindən digəri də elə Fatimənin ad günündə yaşanmışdı. Fatimə onu təbrik etməyə gələn Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı məclisdən qovub. Bu isə İsgəndərlinin istəyi ilə atılan addım olub.
İlin ən səs-küylü qalmaqalı müğənni Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasında yaşanıb. Belə ki, Əliyev ifaçının verilişlərə qatılmaq üçün qonorar istəməsini tənqid edib. Onun bu tənqidinə müğənnilər Xatirə İslam, Kərim Abbasov və reper Elşad Xose də qoşulub.
Müğənni Elnarə Xəlilova ilə stilist Elnur Həsənov da bu il qalmaqal yaşayanlardan olub. Buna səbəb Elnurun Elnarənin geyimlərini tənqid etməsi olub. Hətta Xəlilova Əməkdar artist Lalə Məmmədovaya da söz ataraq, onun TRT-də bir verilişə qatılarkən geyiminin açıq-saçıqlığa görə dəyişdirilməsi olduğunu yazıb. Buna səbəb isə Lalənin proqram zamanı stili üzərində Elnurun çalışması olub.
2022-ci ildə gözlənilməz hadisədən biri də müğənnilər Sabir Əliyevlə Elvin Mirzəzadənin efirdə davası olub. "Səhərin səsi" proqramında yer alan ifaçıların sözləri çəp gəlib. Canlı yayımı yarımçıq qoyan ifaçılar kulis arxasında əlbəyaxa dava edib. Ətrafdakıların köməkliyi ilə ayrılan sənətçilərdən Sabir proqrama qayıtsa da, Elvin gedib.
"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində ekspertlər - vəkil Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında dava düşüb. A.Vəziroğlu Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə edib, ona qarşı nalayiq ifadələr işlədib.Vəkil A.Vəziroğlunun üstünə su atıb. Daha sonra canlı yayım zamanı Vəziroğlu Ş.Nağıyevanın üzərinə su atıb.
Aparıcı Azər Zahidlə aktrisa Pərvin Abıyeva arasında bu il TikTok-da oyun üstündə bir neçə dəfə qalmaqal yaşanıb. Bir neçə gün əvvəl isə Azər Pərvini TikTok-da canlı yayımda təhqir ediv və səhifəsini bağlatdırıb. Daha sonra Pərvinin profili yenidən açılıb.
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandası adını "Buta" olaraq dəyişib. Bu hadisə isə böyük qalmaqala və etiraza səbəb olub. Komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov tənqid atəşinə tutulub. Ermənilərin istəyi ilə belə bir addım atılması və bundan sonra da Müşviqin yarışı tərk etmədən, orada qalması xoş qarşılanmayıb.
2022-ci ildə yaşanan qalmaqallardan biri də Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirovla bağlı olub. Belə ki, klublardan birində mahnı oxuyan ifaçı Bakının ünvanına qeyri-etik ifadə işlədib. Həmin hadisədən sonra Əməkdar artist Xəyyam Nisanov Nəvaini tənqid edib. Bir neçə gün əvvəl isə Nəvai Xəyyamın ünvanına sərt sözlər deyib.
Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasındakı qalmaqal məhkəməyə gedib çatıb. Bu il də məhkəmə prosesi yekunlaşmayıb. Kərimova Afətlə bağlı dəfələrlə paylaşım edərək, onun polis tərəfindən axtarışa verildiyini söyləyib.
