Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından 9 gün keçir. Bu müddət ərzində Moskva Ukrayna ərazisinin bir hissəsini nəzarəti altına alsa da, hələlik istəyinə nail ola bilməyib. Ukrayna ordusu və xalqı mübarizəni davam etdirir.
Prosesin gedişi göstərir ki, Rusiya dövlət başçısı Putin qələbə əldə edəcəyi təqdirdə Ukraynaya hücumun nəticəsi olaraq 3 variantdan birinə nail olmağı düşünür.
Bu variantlardan biri olaraq Kreml Ukraynanı bütünlüklə işğal edərək, onun müstəqilliyinə son qoyub, öz ərazisinə qata bilər. Putinin Ukrayna kimi sözə baxmayan, hər fürsətdən istifadə edib üzünü sivil Qərbə çevirməyə hazır olan ölkədən birdəfəlik "xilas” olmaq üçün bu variantı götür-qoy etməsi də istisna deyil. Dəfələrlə Putin Ukrayna adlı dövlətin tarixdə olmadığı, belə bir ölkənin yaranmasına bolşeviklərin lideri Leninin şərait yaratdığını bəyan edib. Rusiya liderinin bu açıqlaması onu göstərir ki, onun düşüncələrində Ukraynanın bir dövlət olaraq mövcudluğuna son qoymaq istəyi də yer alıb.
Fransa Prezidenti Emmanuel Makronun Putinlə son telefon danışığından sonra səsləndirdiyi fikirlər də sözügedən versiyanın real olduğuna şübhə yeri qoymur. Belə ki, Makron Putinlə danışıqdan sonra deyib bunları deyib: "Ən pisi hələ irəlidədir. Putin bütün Ukraynanı ələ keçirmək istəyir”.
Ancaq bu istəyin reallaşması Kremlə asan başa gəlməyəcək. Əksinə, həmin hal baş verərsə, Qərbdə Rusiyaya qarşı nifrət pik həddə çatacaq. Digər tərəfdən, həmin vəziyyətdə sanksiyalar məngənəsində boğulan Rusiyanın müharibə nəticəsində infrastrukturu dağılmış Ukraynanı bərpa etməyə nə maliyyəsi, nə də həvəsi olacaq. Deməli, müharibənin Rusiyanın istəyinə uyğun başa çatacağı təqdirdə, onun Ukrayna dövlətçiliyinə birdəfəlik son qoymaq istəyinin baş tutma ehtimalı elə də real deyil.
İkinci variant olaraq, Moskva Ukraynanı tam işğal edib Kiyevdə Kremlin göstərişilə oturub-duran marionet bir rejimi hakimiyyətə gətirə bilər. Amma bu versiya da baş tutmaya bilər. Belə ki, hətta ölkə tam olaraq Kremlin nəzarətinə keçsə də, ukrayna xalqı nə işğalla, nə də marionet rejimlə barışacaq. Bu isə Qərbin də dəstəyilə Ukraynada rus ordusu və ona qulluq edən marionetlərə qarşı geniş etiraz aksiyalarının və partizan müharibəsinin başlanmasına rəvac verəcək.
Başqa bir tərəfdən, Moskva qalib gəlsə belə, Zelenskinin hakimiyyətdə qalmasına da göz yuma bilər. Ola bilsin, Rusiya prosesi öz xeyrinə başa çatdıra bilsə, Krım və Donbası nəzarətdə saxlamaq, Ukraynanın silahsızlaşdırılması və NATO-ya üzvlükdən imtinasına nail olmaqla mövcud hakimiyyəti devirməkdən vaz keçsin. Lakin bunun özü də Rusiyaya tam təhlükəsizlik qarantiyası vermir. Belə ki, hakimiyyətdə qalan Zelenski və ya ondan sonra gələcək digər qərbpərəst liderlər mövcud vəziyyətlə barışmayaraq, birmənalı şəkildə yenidən qüvvə toplamağa, toparlanmağa çalışacaq.
Bütün hallarda müharibənin necə nəticələnəcəyindən asılı olmayaraq, eyni köklü Ukrayna və rus xalqı arasında dərin uçurumun yarandığı və bu ziddiyyəti uzun illər ərzində aradan qaldırmağın mümkün olmadığı göz önündədir.
Rüfət Sultan