2023-cü ildə dünyada 94 jurnalist öldürülüb. Bu, bir il əvvəl 68 nəfərin öldüyü ilə müqayisədə təxminən 40% çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün, dekabrın 8-də Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) məlumat
yayıb.
Ən çox jurnalist - 68 jurnalist İsraillə HƏMAS hərəkatı arasında gedən döyüşlər zamanı həlak olub. Bu qarşıdurmada 61 fələstinli, 4 israilli və 3 livanlı jurnalist həlak olub.
Ukraynadakı münaqişədə 3 nəfər ölüb: biri ukraynalı, biri rusiyalı və biri fransız.
Ümumilikdə, il ərzində Yaxın Şərq və ərəb ölkələrində 71 jurnalist öldürülüb. Asiya-Sakit okean regionunda 7 jurnalist həyatını itirib. Latın Amerikası ölkələrində də 7 nəfər öldürülüb ki, bu da 2022 (29) ilə müqayisədə əhəmiyyətli azalmadır. Afrikada 5, Avropada 4 jurnalist həlak olub.
"2023-cü ildə 94 jurnalist öldürülüb. BJF qan tökülməsini dayandırmaq üçün təcili beynəlxalq tədbirlərin görülməsini tələb edir. Xüsusilə Qəzza zolağında artan ölüm sayı dərhal diqqət tələb edir”, deyən BJF-in rəhbəri Dominik Pradalye münaqişədə beynəlxalq hüququn daha aktiv tətbiqinə çağırıb.
Həmçinin, BJF-nin hesablamalarına görə, müxtəlif ölkələrdə 393 jurnalist həbsdədir. Bu parametrdə birinci yeri 80 jurnalistin həbsdə olduğu Honq-Konqla birlikdə Çin tutur. Sonrakı yerləri Myanma (54), Türkiyə (41), Rusiya (40), Belarus (35) tutur.
Nizami Bağırov