Qaynarinfo "Atlantik Counsil”un Geoiqtisadiyyat mərkəzinin baş direktoru, BVF-nin keçmiş əmıkdaşı Coş Lipskinin maqələsini təqdim edir:
Materialın hazırlanmasında Sofiya Buş, Nils Grehem və Mrgank Bhusari iştirak ediblər.
Son bir neçə ay ərzində maliyyə liderlərini diqqətlə dinləyirsinizsə, bir mövzunu aydın görə bilərsiniz: onlar sadəcə pandemiyadan əvvəl olduqları vəziyyətə qayıtmaq istəyirlər. Amma daha belə olmayacaq
Məsələn, əgər biz 2%-lik inflyasiyaya qayıda bilsək və ya Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzündən əvvəlki vaxta dönə bilsək, yaxud Çini dünyaya açılmağa və istehsala başlamağa məcbur edə bilsək, hər şey yaxşı olardı.
Bu normal həyat arzusu aldadıcıdır. Avropanın Rusiya enerjisindən həddən artıq asılılığı zəif nöqtə idi və bundan istifadə edildi. 2019-cu ilin aşağı inflyasiyası ABŞ Federal ehtiyat sistemini (FED) qəzəbləndirdi, çünki bu, əmək bazarında zəifliyə işarə edirdi. Çinə gəlincə, 2019-cu ildə hər şeyin rəvan getdiyini düşünürsənsə, yəqin ki, ticarət müharibəsini unutmusunuz.
"Get Back" (ingiliscədə "Geri dön” – red.) - "Beatles” qrupunun əla mahnılarından biridir, lakin pis iqtisadi siyasətdir. 2023-cü ilə girdiyimiz zaman geoiqtisadiyyatda qiymətləndirilməmiş beş tendensiyanı qeyd edə bilərik. Hər bir trendlə siyasətçilər mövcud vəziyyətə qayıtmağa və ya bu il yeni və daha yaxşı bir şey yarada bilərlər.
1. Mərkəzi banklar yollarını ayırır
Son bir neçə ilin məlumatlarına əsaslanaraq, bütün mərkəzi bankların inflyasiya və faiz dərəcələrinin hansısa vahid nəzəriyyəyə əsasən fəaliyyət göstərdiyini düşünərək aldana bilərsiniz. Lakin yeni proqnoz bütün bunların dəyişmək üzrə olduğunu göstərir.
Pandemiyanın başlanğıcından bəri dünyanın ən böyük mərkəzi bankları əsasən sinxron şəkildə hərəkət ediblər. Onlar birlikdə dərəcələri azaldıblar, dərəcələri birlikdə qaldırıblar və hətta artan baza dərəcələri baxımından oxşar modellərə riayət ediblər.
Bu il hər şey fərqli görünəcək. Ayrı-ayrı iqtisadiyyatların özünəməxsus problemləri qlobal gücləri üstələdiyi üçün biz daha geniş həll variantları görəcəyik. Buna görə də, FED rəhbəri Cerom Pauell, nəhayət, yaxın aylarda gələcək strategiya haqqında danışmağa başlayanda, yeni sxemi yadda saxlayın və dünyanın qalan hissəsinin avtomatik olaraq buna əməl edəcəyini gözləməyin.
2. Rusiya neftinin mümkün alıcılarına yeni təzyiq
Təəccüblü deyil ki, Rusiya sanksiyalar tətbiq edildikdən sonra öz neftinə müxtəlif alıcılar axtarır. Lakin biz əmin deyilik ki, insanların çoxu dəyişikliklərin nə qədər tez baş verdiyini və ya hansı ölkələrin aktivləşdiyini dəqiq başa düşür.
Biz Pekinin Moskvaya necə kömək etdiyini ümumiyyətlə qiymətləndirmirik. Bundan əlavə, Misir Rusiyanın dəniz nefti üçün əsas beynəlxalq mərkəzə çevrilməkdədir. Gəmilər Misirə daxil olur, daha sonra ucuz Rusiya nefti Səudiyyə Ərəbistanına və bütün dünyaya axır. Ehtimal edirik ki, 2023-cü ildə ABŞ bəzi ölkələrə, xüsusən də İsrail və Türkiyəyə təzyiqlərini artıracaq.
3. Çinli turistlər Asiyaya qayıdırlar
2019-cu ildə Asiya-Sakit Okean regionuna 260 milyondan çox turist gəlib və bu regionda təxminən 190 milyon iş yeri yaradıb. Sonra pandemiya başladı, Çin "bağlandı” və bölgədəki beynəlxalq turizm hələ tam bərpa olunmayıb.
Çindəki karantin beynəlxalq turizm biznesində boşluq yaratdı. Və dağıdıcı dalğa təkcə otelləri və restoranları əhatə etmədi. Çin vətəndaşları xaricə səyahət edərkən onların xərclədikləri pullar digər ölkələrdə valyuta ehtiyatları yaradırdı. İndi bu valyuta ehtiyatları tükənmək üzrədir. Asiya-Sakit okean regionunda defolt dalğası və ya qlobal tənəzzül baş verərsə, bu ölkələrin hökumətləri xüsusilə həssas olacaq.
Amma ola bilsin ki, biraz vaxt qazanmaq olsun. Çin daxili COVID-19 nəzarətini sürətli şəkildə aradan qaldırdıqdan sonra Pekin beynəlxalq səyahət məhdudiyyətlərini də qaldıracağını açıqladı. Ancaq Çin vətəndaşlarının birdən-birə xaricə getməsini gözləməyin. Çində yoluxma halların artması Yaponiya və Cənubi Koreya kimi bəzi turizm istiqamətlərini Çindən gələn səyahətçilər üçün yeni test tələbləri tətbiq etməyə sövq etdi. Turizmin bərpası istehlakçı inamı, habelə pandemiya səbəbindən iş yerlərinin və pul ehyitalarının itirilməsi səbəbindən yavaşlayacaq. Lakin bu addım Çin lideri Si Szinpinin region ölkələrinə hamısının Çinə nə qədər güvəndiyini xatırlatmaq istəməsinin açıq əlamətidir.
4. Kriptovalyuta deyil, real iqtisadiyyat liderlik edir
Kriptovalyuta bazarı 2022-ci ildə 2 trilyon dollar itki ilə üzləşdi və biz 2023-cü il üçün proqnozun daha yaxşı olduğunu deyə bilmərik. Ancaq bizi həqiqətən narahat edən məsələ kriptovalyutalara olan marağın və media marağının digər iqtisadi məsələlərlə müqayisədə nə dərəcədə olmasıdır.
Təbii ki, 2 trilyon dollar böyük puldur. Amma dünyanın ümumi daxili məhsulu (ÜDM) yüz trilyon dollara yaxındır. Qlobal yarımkeçirici bazarı trilyonlarla ölçülür və dünyanın demək olar ki, hər bir ölkəsinin iqtisadi mühərrikini dəstəkləyir. Lakin bu mövzular kriptovalyuta mövzusunun səbəb olduğu marağın yalnız bir hissəsinə səbəb olur.
Bəli, biz bunu artıq başa düşdük. Kriptovalyuta nisbətən yeni bir mövzudur və onun Sem Benkman-Frid kimi personajları var və avtomobil qəzası kimi, gözlərinizi ondan çəkmək çətin olur. Amma görəcəksiniz ki, 2023-cü il real iqtisadiyyat üçün "qisas” ili olacaq. Mərkəzi banklar öz rəqəmsal valyutalarını təşviq edəcəklər, qlobal tənəzzül FTX-dən daha çox insana təsir edəcək və Çinin istehsal qabiliyyəti və ya bunun olmaması milyonlarla insanın iqtisadi taleyini həll edəcək.
5. G20 seçicilərinin narazılıq ifadə etmək şansı azdır
Yeni təhlil göstərir ki, 2023-cü il böyük ölkələrdə seçkilər baxımından təəccüblü dərəcədə sakit bir il olacaq.
Əslində, son on beş ildə yalnız bir dəfə qlobal iqtisadiyyat 2%-dən az artıb, həmçinin G20-də ilk dəfə bu qədər az seçki olub. 2023-cü ildə yalnız Argentina və Türkiyədə milli seçkilər təyin olunub (Türkiyə dünyanın 17-ci iqtisadiyyatıdır və Argentina ilk iyirmilikdən çoxdan çıxıb). Hər iki ölkənin inflyasiya ilə bağlı ciddi problemləri var, baxmayaraq ki, onlardan yalnız biri yeni Dünya Kuboku titulunu qazanıb.
Beləliklə, parlamentli demokratik ölkələrdən birində növbəti növbədənkənar seçki istisna olmaqla, G7 ölkələrinin heç bir yerində ÜDM və iş yerləri ilə bağlı çətin vəziyyətin hökm sürdüyü çətin ildə vətəndaşların öz narazılıqlarını ifadə etmək imkanı olmayacaq. Bu o deməkdirmi ki, bütün bunlar 2024-cü ilə qədər iğtişaşlara və ya sadəcə olaraq emosional narazılığın yığılmasına səbəb ola bilər? Biz sonuncu varianta meyil edirik, lakin hadisələri yaxından izləyəcəyik.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo