Dünyaca məşhur çex model Eva Herziqova 25 illik münasibətdən və üç övlad sahibi olduqdan sonra italiyalı iş adamı Gregorio Marsiaj ilə evlənib.
Qaynarinfo xəbər verir ki, 53 yaşlı model və uzun illərdir birlikdə olduğu Gregorio Marsiajın toy mərasimi İtaliyada baş tutub. Cütlüyün nikah mərasimi əvvəlcə San Vito kilsəsində keçirilib, daha sonra Palazzo Kariqnano sarayında davam edib. Onlar tarixi Sala dei Plebisciti zalında rəsmi nikahlarını rəsmiləşdiriblər. Toydan sonra qonaqlar üçün "Michelin" ulduzlu "Del Cambio" restoranında ziyafət təşkil olunub.
Toy mərasimində cütlüyün üç oğlu – 19 yaşlı Corc, 15 yaşlı Filip və 13 yaşlı Edvard da iştirak ediblər.
Eva Herziqova mərasimdə dərin sinə dekolteli, pelerin detallı vintaj "Lanvin" gəlinliyi ilə diqqət çəkib. Onun sadə, lakin zərif görünüşü sosial şəbəkələrdə geniş müzakirə olunub.
Cütlük 2001-ci ildə İtaliyada tanış olub və həmin vaxtdan bəri münasibətlərini davam etdirib. Onlar 2017-ci ildə nişanlansalar da, uzun müddət nikah bağlamağa tələsməyiblər.
Eva Herziqova daha əvvəl, 1996-cı ildə məşhur "Bon Jovi" qrupunun nağaraçısı Tiko Torreslə ailə qurmuş, lakin bu evlilik iki il sonra başa çatmışdı. Model sonralar verdiyi müsahibələrin birində ilk övladı dünyaya gələndə "Niyə bu qədər gözlədim?" deyə düşündüyünü, lakin bunun səbəbinin doğru insanı daha gec tapması olduğunu bildirmişdi.
Gregorio Marsiaj isə avtomobil yarışları üçün təhlükəsizlik sistemləri istehsal edən "Sabelt" şirkətini təsis etmiş tanınmış italiyalı ailənin üzvüdür.
Eva Herziqova daha əvvəl sevgilisi barədə danışarkən, "O məni olduğum kimi sevir. Özümü pis hiss etdiyim anlarda həmişə mənə dəstək olur. Həyatımı sevinc və pozitivliklə doldurur, həm də əla atadır", – sözlərini işlətmişdi.
Model son müsahibələrinin birində isə gözəlliyinin sirrini belə izah etmişdi: "Gözəlliyimin sirri aşiq olmaqdır."
Aydın
Şərhlər