ABŞ-da 2001-ci ildə Milad alış-verişi üçün evdən çıxan və bir daha xəbər alınmayan üç uşaq anası Mişel Handli Smit tam 24 il sonra polis tərəfindən sağ və sağlam vəziyyətdə tapılıb. Smit tapıldığı yerin gizli saxlanmasını istədiyi üçün onun ortaya çıxması ailədə həm sevinc, həm də dərin təəccüb yaradıb.
Qaynarinfo xəbər verir ki, Şimali Karolina ştatında baş verən bu sirrli hadisədə Mişel Handli Smit 24 il əvvəl yoxa çıxmışdı. Rokingem Şerif Ofisindən verilən açıqlamaya görə, 2001-ci ildə Milad alış-verişinə getdiyini söyləyərək evdən çıxan Smit bir daha geri dönməyib. İndi isə "sağ və yaxşı vəziyyətdə” olduğu təsdiqlənib.
"The Sun” qəzeti xəbər verir ki, üç uşaq anası Smitin tapıldığı yer hələ də maraq doğurur. Səlahiyyətlilər onun istəyi ilə bu məlumatın ictimaiyyətlə paylaşılmayacağını açıqlayıb.
38 yaşında yoxa çıxmışdı
Məlumatda qeyd olunur ki, araşdırma aparan qrup 19 fevralda dosyaya dair yeni məlumat əldə edib və ertəsi gün Smitlə əlaqə qurulub. Smitin yoxa çıxarkən 38 yaşında olduğu, üç uşağının isə 19, 14 və 7 yaşlarında olduğu bildirilib. Araşdırma illər ərzində bir neçə qurumun iştirakı ilə aparılıb, federal səlahiyyətlilər də prosesə daxil olub.
İllərlə xəbər alınmamışdı
Ailənin uzun illər Smitdən xəbər ala bilmədiyi və axtarış işlərini davam etdirdiyi vurğulanıb. Smitin xalasının qızı Barbara Byrd yerli mediaya açıqlamasında onun sağ olduğunu öyrənməyin ən böyük təsəlli olduğunu, lakin 2001-ci ilin dekabrında baş verənlərlə bağlı sualların cavab gözlədiyini bildirib.
Smitin qızı Amanda isə sosial şəbəkədə paylaşım edərək, anasının sağ olduğunu öyrənməyə sevindiyini, amma yaşananların onda qarışıq hisslər yaratdığını deyib. Amanda anası ilə yenidən münasibət qurub-qura bilməyəcəyi barədə dəqiq cavab verə bilmədiyini bildirib.
İstifadə etdiyi avtomobil heç vaxt tapılmayıb
Smitin yoxa çıxmasından sonra yaradılan "Bring Michele Hundley Smith Home” adlı sosial media səhifəsində qeyd olunub ki, o dövrdə Mişel 1995-ci il istehsalı, meşə yaşıl rəngli "Pontiac Trans Sport" istifadə edib və avtomobil heç vaxt tapılmayıb. Səhifənin bundan sonra digər itkin şəxslərə dəstək məqsədilə istifadə ediləcəyi bildirilib.
Səlahiyyətlilər hadisə ilə bağlı başqa detallar paylaşmayıblar.
Aydın
Şərhlər