Xəbər lenti

34 il əvvəl öldürülən baş nazirin qatilinin adı açıqlandı
Dünya06:51 11.06.2020

34 il əvvəl öldürülən baş nazirin qatilinin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
34 il əvvəl öldürülən İsveçin keçmiş baş naziri Olof Palmenin qatilinin adı açıqlanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, cinayət işinə baxan baş prokuror Krister Petersson sözügedən şəxsin "Skandia adamı" ləqəbli Stiq Enqström olduğunu bildirib. Lakin o, 2000-ci ildə öldüyü üçün cinayət işinə xitam verilib.
Enqström Palmenin vurulduğu yerin yaxınlığında yerləşən "Skandia" sığorta şirkətində çalışıb və radikal sağçı olub. Onun atıcılıq klubunun üzvü olduğu və yaxşı atıcı olduğu qeyd olunub.
Hindistanda doğulan və İsveçdə böyüyən Stiq Enqström baş nazirin öldürüldüyü gecə işdə olub. O, 3 nəfərlə birgə şübhəli olaraq saxlanılsa da, sonradan sərbəst buraxılıb. Enqström polisə verdiyi ifadəsində yolda gedərkən arxası üstə uzanan bir nəfər gördüyünü söyləyib: "Yerdə qan gördüm. Metro stansiyama doğru gedib getməmək məsələsində tərəddüd etdim".
Enqströmün silah kolleksiyasına sahib bir dostu olduğu, həmin şəxsin ABŞ ordusunda xidmət etdiyi və Palmenin vurulduğu Maqnum markalı tapançalara da böyük maraq göstərdiyi bildirilib. Cinayətdən sonra həyat yoldaşından ayrılan Enqström 1999-cu ildə içki aludəçisi olub və 2000-ci ildə intihar edib. Keçmiş həyat yoldaşı qəzetlərdən birinə verdiyi açıqlamasında Enqströmün çox qorxaq biri olduğunu və baş naziri onun öldürdüyünə inanmadığını bildirmişdi.
Cinayəti araşdıran polis rəisi Hans Holmer hadisənin arxasında PKK terror qruplaşmasının ola biləcəyini də açıqlamışdı. Çünki Palmenin öldürülməsindən bir müddət öncə İsveç hökuməti PKK-nı terror qruplaşması kimi tanımışdı.
Qeyd edək ki, Sosial Demokrat Partiyasının lideri olmuş Olof Palme 34 il öncə Stokholmun mərkəzində sui-qəsdə məruz qalmışdı. Həyat yoldaşı Lisbet ilə gecə kinoteatrdan çıxan zaman keçmiş baş nazir qarnından aldığı iki güllə nəticsində həyatını itirmişdi. Hücum zamanı Lisbet də yaralanmışdı. Öldürüldüyü zaman ikinci dövr baş nazir vəzifəsini icra edən Palme sadə vətəndaşlar kimi yaşayır və mühafizəçiləri olmadan hərəkət edirdi. O, həm ölkəsində, həm də beynəlxalq arenada sərt görüşlərə sahib bir siyasətçi kimi tanınırdı.
Cinayətlə əlaqədar bu günə qədər 10 mindən çox insanın dindirildiyi və 130 nəfərin cinayəti öz üzərinə götürdüyü bildirilir. Haidsə ilə bağlı isə sadəcə bir nəfər, daha əvvəl də həbs olunmuş Krister Petterson həbs edilib, lakin o da 3 ay sonra sərbəst buraxılıb.
Bu arada Olof Palmenin qatili olaraq açıqlanan Stiq Enqströmün adını ilk dəfə 2018-ci ilin mayında "Magasinet Filter" adlı aylıq qəzetdə yazdığı məqaləsində qeyd edən jurnalist Tomas Petterson isə dövlətin 1987-ci ildə təyin etdiyi mükafatı almayacağını söyləyib.
"Məndə olan materiallarda tutarlı dəlillər yox idi, bu səbəbdən mükafat üçün tələb irəli sürməyəcəyəm", - deyə o, bildirib.
Camal