36 yaşlı britaniyalı hücumçu Kemeron Jeromun hansı yığmada forma geyinəcəyi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bir vaxtlar Türkiyə Superliqasında "Göztəpə"nin formasını geyinmiş Jerom Qrenada yığmasında yer alacaq. Bu barədə ölkənin futbol federasiyası məlumat yayıb. Jeromun millidə oynamağı qəbul etdiyi bildirilib.
Atlantik okeanının qərbində Karib dənizində yerləşən ada ölkələrindən biri olan Qrenada KONKAKAF-ın üzvüdür. Ölkənin əhalisinin sayı 112 min nəfərdir.
Bu günə qədər İngiltərə Milli Komandasında çıxış etməyən Qrenada əsilli futbolçu karyerasını Çempionşip komandalarından olan "Luton Taun"da davam etdirir. Təcrübəli hücumçu cari mövsümdə meydana çıxdığı 11 oyunda 1 qola və məhsuldar ötürməyə imza atıb.
İki mövsüm "Göztəpə”də çıxış etmiş Jerom sarı-qırmızılı forma ilə meydana çıxdığı 54 matçda 9 qol vurub.
Səbuhi Həsənov