Təxminən 40 il davam edən elmi araşdırma göstərib ki, qlobal temperatur artdıqca meşə torpaqları atmosferə daha çox karbon qazı (CO₂) buraxmağa başlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Daily" nəşri məlumat yayıb.
Araşdırma ABŞ-ın Massaçusets ştatının mərkəzində yerləşən Harvard meşəsində aparılıb. Dəniz Biologiyası Laboratoriyasının alimi Cerri Melillo və komandası 37 il ərzində eksperimental sahələrdə torpağın temperaturunu ətrafdakı torpaqla müqayisədə ilboyu 5 dərəcə Selsi yüksək səviyyədə saxlayıblar.
Alimin sözlərinə görə, təcrübəyə başlanılan dövrdə qlobal istiləşmə ilə bağlı proqnozların yuxarı həddi təxminən 5 dərəcə Selsi hesab edildiyi üçün məhz bu göstərici seçilib.
Tədqiqat nəticəsində müəyyən olunub ki, torpağın qızdırılması mikroorqanizmlərin fəaliyyətinə ciddi təsir göstərir. Torpaq ekosisteminin əsas hissəsi olan bu mikroorqanizmlər üzvi maddələri parçalayır və bitkilərin inkişafı üçün vacib qida elementlərinin dövriyyəsini təmin edirlər.
Alimlər müşahidə ediblər ki, istiləşmə torpaqdakı mikrob icmalarının tərkibini və fəaliyyətini dəyişdirir. Nəticədə torpaq karbon ehtiyatlarını daha sürətlə itirməyə başlayır.
Uzunmüddətli müşahidələr həmçinin göstərib ki, temperaturun yüksəlməsi meşə torpaqlarında karbonun saxlanma mexanizmlərinə də təsir edir. Təcrübənin dördüncü onilliyində əvvəllər istiliyə qarşı dayanıqlı hesab olunan sabit üzvi maddələrin də parçalanmağa başladığı müəyyən edilib.
Bu uzunömürlü karbon ehtiyatları parçalandıqca atmosferə əlavə karbon qazı buraxılır.
Araşdırmanın nəticələri göstərir ki, davam edən qlobal istiləşmə şəraitində meşə torpaqları alimlərin əvvəllər düşündüyündən daha çox karbonu atmosferə qaytara bilər.
Aydın
Şərhlər