
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu gün Seneqalda, Dakarda Çad Respublikasının keçmiş prezidenti Xissen Xabre saxlanılıb.
France Press prokurora istinadən bildirir ki, o, insanlığa qarşı cinayətlərdə suçlanır.
Prokurorun bildirdiyinə görə, Xabreni istintaq çərçivəsində həbs ediblər. Keçmiş diktatorun vəkili deyib ki, Xabreni Dakardakı şəxsi evində həbs edərək bilinməyən istiqamətdə aparıblar.
Xabre 1982-ci ildən 1990-cı ilədək Çadın prezidenti olub. Hüquq müdafiəsi təşkilatlarının məlumatına görə, Xabrenin hakimiyyəti zamanı Çadda genişmiqyaslı hüquqpozmalar olub. Xabreyə tabe olan polis və hərbçilərin etnik təmizləmə apardıqları, insanları məhkəmədənkənar edam etdikləri, onlara işgəncə verdikləri barədə məlumatlar var. Hüquq müdafiəçilərinin fikrincə, Xabre 40 min siyasi opponentinin, həmçinin bir neçə etnik qrupun məhv olmasına, həmçinin 200 min işgəncə faktına görə məsuliyyət daşıyır.
1990-cı ilin dekabrından baş tutan hərbi çevrilişdən sonra Xabre Seneqala qaçmışdı.
2005-ci ildə Xabreyə qarşı Belçikada ittiham irəli sürmüşdü. Çad əsilli belçikalı və bir neçə Çad vətəndaşı Xabreni məhkəməyə vermişdilər. Belçika hökuməti Çadın keçmiş prezidentinin həbsinə order vermiş və Seneqaldan Xabrenin ekstradisiyasını xahiş etmişdi. Ancaq Belçikanın bu tələbini Seneqal cavabsız qoymuşdu. Seneqalda Xabreyə qarşı məhkəmə isə yalnız bu ilin fevralından başlayıb.