Çərşənbə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın işğalından bu yana baş vermiş hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya 42 nəfərlik bir qrup göndərib.
Qaynarinfo "Kyivpost” saytına istinadla xəbər verir ki, bu barədə BCM-nin baş prokuroru Kərim Xan
bildirib.
Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildə dünyanın ən ağır cinayətlərini araşdırmaq üçün yaradılıb.
Haaqada yerləşən BCM-nin baş prokuroru Kərim Xan bildirib ki, qrupun tərkibinə müstəntiqlər, məhkəmə ekspertləri və yardımçı heyət daxildir və onlar Ukrayna hakimiyyət orqanları ilə birgə işləyəcək.
"Bu, mənim ofisim qurulduğundan bəri ən böyük sahə missiyasıdır. Komanda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olan cinayətlərlə bağlı araşdırmalarımızı irəlilədəcək və Ukrayna hakimiyyət orqanlarına dəstək verəcək", - Xan açıqlamasında deyib.
Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Rusiyanın fevralın 24-də işğalından cəmi dörd gün sonra iddia edilən hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərlə bağlı araşdırma elan edib.
Aprelin 2-də Kiyev və Buçaya gəlmiş BCM-nin baş prokuroru Xan Ukraynanı cinayət yeri adlandırmışdı.
Ukraynaya gələn BCM müstəntiqləri qrupu hərbi hücumlarla bağlı şahid ifadələrini toplayacaq.
"Sağ qalanlara və qurbanların ailələrinə beynəlxalq hüququn onların təcrübəsinə uyğun olduğunu nümayiş etdirməyimiz və ədalət prosesi vasitəsilə onlara müəyyən qədər təsəlli verməyimiz çox vacibdir”,- Xan deyib.
Nurlan Hüseynov