Britaniya sahillərində 43 milyon il əvvəl baş vermiş kosmik toqquşmanın izləri tapılıb.
Qaynarinfo xəbər verir ki, Edinburqdakı Heriot-Watt Universitetinin alimləri araşdırma nəticəsində Şimal dənizində yerləşən Silverpit kraterinin asteroidlə toqquşması nəticəsində yarandığını təsdiqləyiblər.
2002-ci ildə kəşf olunan krater uzun müddət mübahisə mövzusu olub: bəzi alimlər onun dəniz dibində çökmə və duz hərəkətləri ilə yarandığını iddia edirdilər. Lakin yeni seysmik görüntülər və neft quyusundan götürülmüş nümunələrdə aşkarlanan "şoklanmış” kvarç və feldispat kristalları asteroid hipotezini qəti şəkildə sübut edib.
Tədqiqatçılara görə, 160 metr enində asteroid qərbdən aşağı bucaq altında dəniz dibinə çırpılıb, 1,5 kilometr hündürlüyündə su və qaya sütunu yaradıb və 100 metrdən böyük sunami törədib. Krater 3 kilometr diametrə malikdir və 20 kilometrlik konsentrik qırılmalarla əhatələnib.
Silverpit həm ölçüsü, həm də yaxşı qorunmuş quruluşu ilə nadir krater hesab olunur. Dünyada quruda təxminən 200, dəniz altında isə cəmi 33 çarpma krateri təsdiqlənib. Alimlər bu kəşfin gələcəkdə oxşar toqquşmaların təsirlərini anlamağa və proqnozlaşdırmağa yardım edəcəyini bildirirlər.
Günay
Şərhlər