Xəbər lenti

44 günlük savaşdan sonra Əliyevlə Paşinyanın ilk təkbətək görüşü (ŞƏRH)
Siyasət14:49 14.12.2021

44 günlük savaşdan sonra Əliyevlə Paşinyanın ilk təkbətək görüşü (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu, yeni yanaşmadır və burada tərəflər öz maraqları kontekstində bəzi məsələləri uzlaşdıra bilərlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Aİ-nin "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın vasitəçilər olmadan, təkbətək olacaq görüşünü şərh edərkən deyib.
Politoloq bildirir ki, bu müzakirə prosesində yeni yanaşmadır: 
"Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar bu günə qədər faktiki olaraq vasitəşilərin iştirakı ilə baş tutub. Vasitəçilərin olması isə onu göstərir ki, burada regionda maraqlı olan qüvvələrin də marağının təmin edilməsindən söhbət gedir. Qarabağ məsələsində 4 kənar maraqlı tərəf var. Bunlar Qərb, Türkiyə-Azərbaycan ittifaqı, İran-Ermənistan ittifaqı və Rusiyadır. Tərəflərin hər hansı biri prosesdə iştirak edirsə, bu artıq onların da marağının təmin edilməsi baxımından hansısa nəticə doğurur. Bu baxımdan Aİ-nin münaqişə tərəflərini kənar vasitəçilər olmadan məsələlərin müzakirəsinə dəvət etməsi yeni bir yanaşmadır. Düşünürəm ki, bu yanaşma əvvəlkilərlə müqayisədə daha müsbətdir. Çünki tərəflər hər halda öz maraqları kontekstində nələrisə uzlaşdıra bilərlər. Bu baxımdan da sözügedən üzbəüz görüşü əhəmiyyətli hesab edirəm”. 
Bununla belə, həmsöhbətimiz Qərbin dəstəyi ilə olan bu formatın geniş rezonans doğuracağını da düşünmür:
"Əslində, Rusiyanın vasitəçiliyi ilə bir format müəyyənləşib. Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında müəyyən müzakirələr aparılıb və aparılır. Atəşkəs bəyanatı da tərəflərin münasibətini tənzimləyən sənəd kimi mövcuddur. Bu, Azərbaycanın da bu və ya digər şəkildə maraqlarına uyğundur. Düşünürəm ki, Ermənistanın da marağına uyğundur. ATƏT-in Minsk qrupu formatı isə 44 günlük müharibədən sonra özünün təsir imkanlarını xeyli dərəcədə itirib. Yeni formatın yaranması yeni müharibə olacağı təqdirdə ola bilər. Ona görə də düşünmürəm ki, Qərb vasitəçilərinin iştirakı ilə keçirilən hansısa müzakirələr 10 Noyabr atəşkəs bəyanatından fərqli nəticə doğursun. Olsa-olsa, həmin kontekstdə olar. Bir də humanitar kontekstdə bəzi addımlar atıla bilər. Başqa istiqamətdə addımların olacağını isə düşünmürəm”.
Rüfət Sultan