XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı
Sağlamlıq08:45 21.08.2026

50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı

50 yaşdan sonra sağlamlığın qorunmasında qidalanma xüsusilə mühüm rol oynayır. Yaş artdıqca rasionda duz, şəkər və doymuş yağların miqdarına daha çox diqqət yetirmək lazımdır.

Qaynarinfo xəbər verir k, ABŞ Milli Yaşlanma İnstitutu yaşlı insanların istehlakını azaltmalı olduğu altı məhsul kateqoriyasını müəyyənləşdirib. “Verywell Health” bu tövsiyələrə əsaslanaraq həmin məhsulları sadalayıb.

1. Duzlu məhsullar

Araşdırmalar göstərir ki, həddindən artıq natrium istehlakı arterial təzyiqin yüksəlməsi ilə əlaqəlidir. Buna görə 50 yaşdan sonra qida rasionunda duzun miqdarına xüsusi diqqət yetirmək vacibdir.

Çips və digər duzlu qəlyanaltıların, pizzanın, konservləşdirilmiş şorbaların, hazır sousların, dondurulmuş hazır yeməklərin və emal edilmiş ət məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.

2. Doymuş yağlarla zəngin məhsullar

Böyük miqdarda doymuş yağ istehlakı ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər. Rasionda yağlı qırmızı ət, bekon, kolbasa və digər ət delikatesləri, kərə yağı, yağlı süd məhsulları və qızardılmış qidaların miqdarını məhdudlaşdırmaq məsləhətdir.

3. Şirniyyat və əlavə şəkər olan məhsullar

50 yaşdan sonra əlavə şəkərin miqdarına daha çox diqqət yetirmək lazımdır. Şəkər xüsusilə un məmulatlarında, şirin yoqurtlarda, səhər yeməyi üçün nəzərdə tutulan bəzi dənli məhsullarda, batonlarda, qazlı içkilərdə, həmçinin şəkər əlavə edilmiş qəhvə və çayda çox olur.

Belə məhsulların həddindən artıq istehlakı az qida dəyəri qarşılığında əlavə kalori qəbuluna səbəb olur. Buna görə yetkin yaşlarda orqanizmi zəruri vitaminlər, minerallar, zülal və liflə təmin edən məhsullara üstünlük vermək xüsusilə vacibdir.

4. Ultraemal olunmuş məhsullar

Daha az istehlak edilməsi tövsiyə olunan digər kateqoriya ultraemal olunmuş məhsullardır. Bunlara bəzi sənaye üsulu ilə hazırlanan çörək növləri, hazır əriştələr, sosislər, şəkərli və ya dadlandırılmış hazır səhər yeməkləri, eləcə də tərkibində çoxsaylı inqrediyentlər olan digər məhsullar daxildir.

Problem ondadır ki, belə məhsulların bir çoxunda yüksək miqdarda duz, şəkər və doymuş yağ olur.

5. Alkoqol

Yaş artdıqca orqanizmin alkoqola reaksiyası dəyişə bilər. Bundan əlavə, spirtli içkilər insanın müntəzəm qəbul etdiyi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.

ABŞ Milli Yaşlanma İnstitutu alkoqol istehlakının məhdudlaşdırılmasını yaşlılıq dövründə sağlamlığın qorunmasına kömək edən vərdişlərdən biri kimi qeyd edir.

6. “Boş kalori”li məhsullar

Araşdırmalar göstərir ki, yaş artdıqca orqanizmin kalori ehtiyacı azalır. Buna görə qidanın mümkün qədər qidalı olması vacibdir.

Bu səbəbdən konfet, peçenye, şirin un məmulatları və çoxlu kalori ehtiva edən, lakin faydalı qida maddələri az olan digər məhsullardan həddindən artıq istifadə etmək məsləhət görülmür.

Rasiona nələri əlavə etmək lazımdır?

Mütəxəssislər sadalanan məhsulların əvəzinə rasionun tərəvəz, meyvə, tam taxıllı və süd məhsulları üzərində qurulmasını tövsiyə edirlər. Əzələ kütləsini qorumaq üçün kifayət qədər zülal qəbul etmək də vacibdir.

Bununla belə, ayrı-ayrı məhsulları tamamilə qadağan etmək zəruri deyil. Əsas məsələ ümumi qidalanma rejimi və həmin məhsulların nə qədər tez-tez istehlak edilməsidir.

Aydın