Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın humanitar, iqtisadi, iqlim və maliyyə böhranları və ölkənin 6 milyon əhalisinin "aclıqdan ölmək” riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Qaynarinfo bu barədə Asussiated press-ə (AP) istinadən xəbər
verir.
Xəbərdarlığı Əfqanıstanın humanitar məsələlər üzrə Ümumdünya Ərzaq Proqramının rəhbəri Martin Qriffits dilə gətirib.
O, bir ildir "Taliban”ın hakimiyyəti altında olan Əfqanıstandakı vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına verdiyi açıqlamalarda Əfqanıstanda yoxsulluğun getdikcə pisləşməsinə diqqət çəkib və deyib: "Bu ölkədə 6 milyon insan aclıqdan ölüm təhlükəsi altındadır. Əfqanıstan humanitar, iqtisadi, iqlim, aclıq və maliyyə böhranları ilə üz-üzədir.
Biz bütün ölkələrdən Əfqanıstanın iqtisadi inkişafını maliyyələşdirmələrini xahiş edirik. Əfqanların qarşıdan gələn qışdan sağ çıxması üçün təxminən 770 milyon dollar lazımdır”.
O, Əfqanıstanda qarşıdurma, yoxsulluq, şiddətli iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin "uzun müddətdir acınacaqlı bir reallıq" olduğuna işarə edərək əlavə edib:
"Mövcud vəziyyəti "çox kritik" bir nöqtəyə gətirən odur ki, "Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən sonra inkişaf və humanitar yardımın fəaliyyəti dayandırılıb. Təxminən 24 milyon insanın, yəni Əfqanıstan əhalisinin yarıdan çoxunun yardıma ehtiyacı var və təxminən 19 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir”.
Bu rəqəmlərin yaxın gələcəkdə daha da pisləşəcəyindən narahat olduqlarını qeyd edən Qriffits qış aylarında hava şəraitinin yanacağın və ərzaq məhsullarının yüksək qiymətlərini sürətlə artıracağını bildirib:
"Sığınacaqların təmiri və ya yaxşılaşdırılması üçün və ya paltar və yorğan kimi qış ehtiyacları üçün təcili olaraq 614 milyon dollara ehtiyacımız var”.
O, hava şəraiti ilə əlaqədar müəyyən ərazilərə girişi kəsməzdən əvvəl ərzaq və digər ehtiyacların ödənilməsi üçün əlavə 154 milyon dollara ehtiyac olduğunu vurğulayıb.
M.Arif
Şərhlər